AZ

Paşinyan bir vaxt dediyi "Qarabağ Ermənistandır və nöqtə" şüarından danışdı, geri addım atdı

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi brifinq zamanı erməni kilsəsinin bəzi nümayəndələrinin və müxalif dairələrin dualarında "mövcud olmayan Qarabağ Respublikası"ndan bəhs etmələrini dövlət maraqlarına zərbə kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Paşinyan bu cür bəyanatların faktiki olaraq Azərbaycanla yeni müharibəyə çağırış mənasına gəldiyini və sülh prosesini qəsdən pozduğunu bildirib.

Paşinyan vurğulayıb ki, kilsə kürsülərindən və ya istənilən tribunanın "Arsax"dan bəhs edilməsi Ermənistanı fəlakətli müharibəyə sürükləməkdir. "Nə vaxt ki, onlar kilsə kürsüsündən bu barədə danışırlar, bu, müharibə yolu ilə getmək deməkdir. Müharibə bitib və mən demişəm ki, artıq heç bir Qarabağ hərəkatı yoxdur",-deyə o qeyd edib.

Əvvəllər səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" şüarı ilə bağlı suallara cavab verən Paşinyan, İncildən sitat gətirərək ("Biz kədərləndik, siz ağlamadınız; biz musiqi çaldıq, siz rəqs etmədiniz") bildirib ki, döyüşmək lazım olan vaxtda daxili qüvvələr İrəvanda çevriliş etmək üçün ordunu cəbhədən çəkməyə çalışırdılar.

Paşinyan Azərbaycanın öz ritorikasını inkişaf etdirdiyinə diqqət çəkib. O qeyd edib ki, erməni tərəfi "qayıdış" mövzusunu qaldırdıqca, Azərbaycan da analoji mövzuları (Qərbi Azərbaycan məsələsi) gündəmə gətirir: "Bu mövzular toqquşacaq və nəticədə müharibəyə çevriləcək. Biz bu təhlükəli dövrədən çıxmalıyıq".

Baş nazir bir daha vurğulayıb ki, Ermənistanın yeganə xilas yolu beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində "Real Ermənistan" qurmaq və qonşuları ilə bütün ərazi iddialarına son qoymaqdır.

Xatırladaq ki, Paşinyan bu bəyanatdan əvvəl yeni Konstitusiya hazırlığında Müstəqillik Bəyannaməsinə (Azərbaycana qarşı ərazi iddiaları olan sənəd) istinadın ləğv ediləcəyini də təsdiqləmişdi. Bu, Ermənistandakı mühafizəkar və kilsə dairələri arasında ciddi narazılıq yaratsa da, rəsmi İrəvan sülhün qaçılmaz olduğunu müdafiə edir./Musavat.com

Seçilən
19
2
turkustan.az

3Mənbələr