AZ

İran müharibəsi Azərbaycanın Avropa üçün enerji statusuna yeni məzmun verdi...



Sahil Kərimli: “Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu göz önündədir”

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda keçirdikləri görüşdən sonra mətbuata birgə bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatının əsas mesajlarından biri Azərbaycanın Aİ üçün etibarlı enerji təchizatçısı olmasıdır. Xüsusilə Yaxın Şərqdə cərəyan edən proseslər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu göz önündədir.

Məsələ ilə bağlı rəyini baki-xeber.com-la bölüşən politoloq Sahil Kərimli bildirdi ki, Azərbaycan artıq uzun illərdir Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. “Azərbaycanın dünya əhəmiyyətli, xüsusilə də qlobal enerji layihələrinin uğurla həyata keçirilməsi dövlətimizin dünyada daha etibarlı və dayanıqlı tərəfdaş olduğunu bir daha sübut edir. Xüsusilə də son 5 ildə dünyada baş verən böyük müharibələr, qanlı toqquşmalar, təhlükəsizliyə qarşı yönəlmiş ciddi təhdidlər fonunda Azərbaycan öz yolu ilə uğurla irəliləyir, neft-qaz və enerji layihələrində çox ciddi nailiyyətlər əldə edir. Həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ-İsrail birləşmələrinin İranla hərbi toqquşması bu müharibənin qlobal xarakter alması, bu savaşa artıq bir çox müsəlman ölkələrinin də qoşulması fonunda Azərbaycanın Aİ ilə əməkdaşlığı, xüsusilə də Avropanın enerji layihələrində yaxından iştirak etməsi ölkəmizin həm sülhə və təhlükəsizliyə vermiş olduğu töhfədir, həm də Avropanın enerji təhlükəsizliyinə vermiş olduğu ciddi dəstəkdir. Təbiidir ki, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu göz önündədir. Aİ ilə əlaqələr də bu baxımdan ciddi önəm daşıyır”.

S.Kərimlinin sözlərinə görə, Azərbaycan Aİ əlaqələri uzun illərə söykənən əlaqələrdir, burada həm siyasi, həm də xüsusilə iqtisadi, enerji layihələri üzrə layihələr fərqlənir. “Bu günlərdə Aİ prezidentinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü, bu görüş çərçivəsində əldə olunan razılaşmalar, səsləndirilən çox önəmli bəyanatlar ölkəmizin Aİ ilə əlaqələrinin perspektivinin nə qədər önəmli və dərin olduğunu bir daha ortaya qoymuş olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev görüşdən sonra xüsusi vurğuladı ki, Azərbaycan Aİ-nin bir nömrəli iqtisadi tərəfdaşıdır və Azərbaycan üçün də bir nömrəli tərəfdaş Aİ ölkələridir. Biz bu bəyanatdan da göründüyü kimi, Azərbaycan Aİ ilə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycanın Avropaya yenidən bu cür jestlər, xüsusilə Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli dəstək verməsinə Aİ ölkələri tərəfindən də müsbət qarşılıq verilməlidir ki, gələcəkdə bu istiqamətdə böyük nailiyyətlər əldə edə bilək”-deyə S.Kərimli vurğuladı.

İradə SARIYEVA

Seçilən
53
baki-xeber.com

1Mənbələr