AZ

Neftin qiyməti KƏLLƏ-ÇARXA qalxır – Azərbaycana zərəri nə, xeyri nə...

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Musavat.com xəbər verir ki, dövlət başçısı bunları deyib:

"Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil". Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

Bəs yüksək neft qiymətləri ölkələr üçün həqiqətən nə qədər sərfəlidir və Azərbaycan üçün bu artımın faydaları ilə zərərləri necə balanslaşdırılır?

İrana

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a deyib ki, neft qiymətlərinin artması ixracatçılar üçün bir tərəfdən sərfəli olsa da, digər tərəfdən müəyyən mənada zərər də yaradır: “Əgər ixracın kəskin artımı çox böyükdürsə, bu zaman fayda daha çox olur. Amma ixracın həcmi o qədər böyük deyilsə, bunun faydası ilə yanaşı zərərli tərəfləri də ortaya çıxır. Məsələyə bu kontekstdən yanaşanda və Azərbaycan prizmasından düşündükdə demək olar ki, əgər bu proses 2010-cu ildə – bizim neft hasilatımızın 50 milyon tondan artıq olduğu dövrdə baş versəydi, o zaman təbii ki, deyə bilərdik ki, neftin qiymətinin artması ölkə üçün zərərdən daha çox fayda gətirir. Hazırkı vəziyyətdə isə bu göstərici demək olar ki, yarıbayarı azalıb. Artıq 2025-ci ildə Azərbaycan 23 milyon ton neft ixrac edib. 23 milyon ton ixracın yarıbayarı azalması təbii olaraq gəlirlərin də yarıbayarı azalması deməkdir”.

İqtisadçı qeyd edib ki, belə bir şəraitdə qiymətlərin kəskin artması inflyasiyanı da stimullaşdırır: “Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu, həm də BMT-nin müxtəlif təsisatlarının hesablamalarına görə, neft qiymətinin hər 10 faiz artması qlobal inflyasiyanı təxminən 0,5 faiz artırır, qlobal ÜDM isə 0,3 faiz azalır. Məsələn, 60 dollara satılan neft 66 dollara qalxarsa, nəticədə inflyasiyanın təxminən 0,5 faiz yüksəlməsinə səbəb olur. Əgər 60 dollara satılan neft 90 dollara qalxarsa, bu artıq 50 faizlik artım deməkdir və bu da 2,5 faiz dərəcəsində qlobal inflyasiyanın artımı deməkdir. Təbii ki, Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, idxal olunan məhsulların qiymətindəki artım inflyasiyada xüsusi çəkiyə malikdir və nəticədə bu amil ümumi inflyasiyanı artıran faktorlardan birinə çevrilir".

Eldəniz

Ekspert qeyd edib ki, məsələyə bu kontekstdən yanaşdıqda, Azərbaycan Prezidentinin söylədiklərində böyük həqiqət var, bu prosesin müəyyən mənfi tərəfləri də mövcuddur: "Neftin qiymətinin yüksək olması ölkə iqtisadiyyatı üçün tamamilə zərərli kimi qiymətləndirilə bilməz. Sadəcə, bunun müəyyən mənfi tərəfləri də var. Ən optimal variant isə neftin qiymətinin stabil və əlverişli səviyyədə olmasıdır. Belə bir sabit qiymətin formalaşmasının müsbət tərəfləri də kifayət qədərdir. Sabit qiymət olduqda iqtisadi proseslərin proqnozlaşdırılması və idarə olunması daha asan olur. Eyni zamanda, müxtəlif iqtisadi şoklara qarşı dayanıqlığın təmin edilməsi, büdcə gəlirlərinin formalaşdırılması, xərclərin planlaşdırılması və ümumilikdə makroiqtisadi sabitliyin qorunması kimi məsələlər məhz sabit qiymət şərtləri daxilində ölkə üçün daha əlverişli hesab olunur”.

Eldəniz Əmirov hesab edir ki, qarşıdakı dövrdə neftin qiyməti kəskin artmayacaq: “Çünki qlobal iqtisadiyyatda neftə olan təlıbat gündəlik 103 milyon bareldirsə, bunun 20-21 milyonu Hörmüz boğazından daşınır. Hazırda bunun dayanması neft qiymətlərini artıran əsas faktordur. Amma bir məsələ də var ki, artıq 32 ölkə tərəfindən strateji neft ehtiyatlarının qlobal bazara çıxarılması ilə bağlı razılıq əldə olunub. Bu həcm olaraq ümumilikdə 400 milyon bareldir. 400 milyon barel isə gündə təxminən 20 milyon barellik həcm sığortalanması üçün tam olaraq ən azı 20 gün kifayət edəcək. Məsələyə bu kontekstdən yanaşdıqda demək olar ki, yaxın 20 gün ərzində neft qiymətlərinin nəzarətdə saxlanılması mümkündür”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
102
musavat.com

1Mənbələr