Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. Millətin dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev əvəzolunmaz işlər görmüşdür. Ulu öndərin gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir.
Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb. Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər.
Həmrəylik yalnız simvolik məna daşımır. Bu, müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ortaq dəyərlər ətrafında birləşməsi, milli kimliyini qoruması və Azərbaycanın maraqlarını müdafiə etməsi deməkdir. İnformasiya müharibələrinin və geosiyasi çağırışların artdığı bir dövrdə vahid mövqedən çıxış etmək xüsusi önəm daşıyır.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-biri ilə sıx bağlı anlayışlardır. Güclü diaspor, effektiv lobbiçilik, effektiv lobbiçilik isə beynəlxalq müstəvidə daha güclü mövqe deməkdir. Qarşıdakı dövrdə bu istiqamətdə koordinasiyalı fəaliyyətin davam etdirilməsi Azərbaycanın milli maraqlarının müdafiəsi baxımından həlledici rol oynayacaq.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycan dövləti müstəqillik illəri ərzində diaspor quruculuğuna daim böyük önəm verib.

Onun sözlərinə görə, zaman-zaman bu sahədə mövcud olan müəyyən problemlər aradan qaldırılıb və hazırda Azərbaycan diasporunun xaricdə fəaliyyətinin daha güclü olduğunu demək mümkündür:
“Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan hökuməti diaspor quruculuğuna və lobbiçilik fəaliyyətinə daha böyük önəm verməyə başladı. Çünki müharibə dövründə bir sıra ölkələrdə Azərbaycan diasporunun fəaliyyətinin zəif olduğu üzə çıxdı. Bunu səfirliklərin qarşısında keçirilən aksiyaların sayında da müşahidə etdik. Halbuki biz tariximizin ən böyük savaşını aparırdıq”.
Siyasi şərhçi qeyd edib ki, müharibədən sonrakı illərdə bu sahədəki mənfi məqamların aradan qaldırılması üçün ciddi addımlar atılıb:
“Son 6 il ərzində bu istiqamətdə kifayət qədər böyük işlər görüldü. Proseslərdə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün addımlar atıldı və bu da müsbət qiymətləndirilməlidir”.
Cavanşir Abbaslı dünya azərbaycanlılarının həmrəyliyinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, bildirib ki, azərbaycanlılar dünyanın harasında yaşamasından asılı olmayaraq bir-birinə dəstək göstərməyə çalışırlar:
“Azərbaycan yeganə millətlərdəndir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, olduğu yerdə ilk növbədə öz həmvətənini axtarır. Əgər başqa ölkələrdə soydaşlarımızın başına xoşagəlməz hadisə gələrsə, dərhal buna reaksiya verilir. Əli çatmasa belə, insanlar ən azından internet üzərindən fəal şəkildə bunu gündəmə gətirir və təbliğat aparır. Bu da həmrəyliyin bariz nümunəsidir”.
Ekspertin fikrincə, bundan sonra da Azərbaycan dövləti diaspor quruculuğu və dünya azərbaycanlılarının birliyi istiqamətində fəaliyyətini davam etdirməlidir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.
