AZ

Reseptsiz dərman satışı və əczaçı məsləhəti Risk və reallıq nədir?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda dərman vasitələrinin satışı ilə bağlı aparılan yoxlamalar göstərir ki, bəzi apteklərdə reseptlə buraxılmalı olan preparatlar həkim resepti olmadan satılır. Rəsmi məlumatlara görə, fevral ayında aparılan nəzarət tədbirləri zamanı ölkədə beş aptekdə reseptlə verilməli olan dərman vasitələrinin reseptsiz satılması faktı aşkarlanıb. Bu cür hallar həm qanunvericiliyin pozulması, həm də vətəndaşların sağlamlığı baxımından riskli hesab olunur.

Praktikada tez-tez rast gəlinən hallardan biri də həkimin yazdığı dərmanın aptekdə tapılmamasıdır. Pasiyent reseptlə aptekə yaxınlaşır, lakin bəzən həmin preparatın mövcud olmadığı bildirilir. Belə vəziyyətlərdə əczaçılar çox vaxt həmin dərmanın analoqu və ya əvəz edicisi olduğunu deyərək başqa preparat təklif edirlər. Bəzi hallarda bu dərmanlar eyni təsiredici maddəyə malik olsa da, doza və tərkib baxımından fərqlənə bilər. Pasiyentin səhhət vəziyyətini tam bilmədən dərmanın dəyişdirilməsi isə müəyyən risklər yaradır. Mütəxəssislər bildirirlər ki, həkimin yazdığı dərmanın əvəzi təklif olunduqda, mümkün qədər əvvəlcə həkimlə məsləhətləşmək daha təhlükəsiz hesab olunur.

Digər tərəfdən, cəmiyyətdə geniş yayılmış hallardan biri də insanların həkimə müraciət etmədən birbaşa aptekə üz tutmasıdır. Bəzi vətəndaşlar həkimə getməyi vaxt itkisi hesab edir və ya əlavə xərclərdən qaçmaq üçün xəstəliyin əlamətlərini əczaçıya izah edərək onun məsləhəti ilə dərman alırlar. Xüsusilə soyuqdəymə, baş ağrısı, allergiya və ya mədə-bağırsaq narahatlıqları zamanı belə hallara daha çox rast gəlinir. Əczaçılar dərmanlar barədə məlumatlı olsalar da, onların verdiyi məsləhət həkim müayinəsini və diaqnozunu əvəz edə bilməz.

Reseptsiz dərman istifadəsi bir sıra təhlükələr yarada bilər. Yanlış dərman seçimi xəstəliyin düzgün müalicə olunmamasına, bəzi hallarda isə vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər. Bundan əlavə, dərmanların nəzarətsiz istifadəsi allergik reaksiyalar, yan təsirlər və ya digər preparatlarla mənfi qarşılıqlı təsir riskini artırır. Xüsusilə antibiotiklərin reseptsiz və nəzarətsiz istifadəsi gələcəkdə dərmanlara davamlı bakteriyaların yaranmasına səbəb ola bilər ki, bu da qlobal səhiyyə problemlərindən biri hesab olunur.

Bu sahədə nəzarətin gücləndirilməsi, apteklərdə resept qaydalarına ciddi əməl olunması və vətəndaşların dərman istifadəsi ilə bağlı daha geniş maarifləndirilməsi vacibdir. Sağlamlıqla bağlı qərar verərkən həkim məsləhətinə üstünlük vermək və özbaşına dərman qəbulundan çəkinmək həm fərdi sağlamlıq, həm də ümumi ictimai sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
bizimyol.info

1Mənbələr