AZ

Netanyahudan sensasion mesaj: “İran rejiminin sonu yaxınlaşır”

İsrailin Baş naziri Benyamin Netanyahu İran rəhbərliyi və regiondakı vəziyyətlə bağlı bir sıra sərt açıqlamalar verib. O bildirib ki, İranın əvvəlki rəhbər fiqurlarından biri aradan götürülüb və hazırda yeni lider kimi təqdim olunan Müctəba Xamenei İran İslam İnqilabı Keşikçiləri Korpusunun təsiri altında olan bir fiqurdur və ictimaiyyət qarşısına çıxmaqdan çəkinir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Netanyahu İsrailin 9-cu kanalına açıqlamasında danışıb. Baş nazir çıxışında regiondakı təhlükəsizlik vəziyyəti, İranla qarşıdurma və İsrailin strateji planları barədə geniş fikirlər səsləndirib.

Netanyahu bildirib ki, o, hələ 30 ildən çox əvvəl İsrail üçün əsas təhlükənin ərəb ölkələrindən deyil, məhz İrandan gəldiyini demişdi. Onun sözlərinə görə, zaman bu fikrin doğru olduğunu göstərib və hazırda regiondakı əsas təhlükə məhz Tehranın siyasəti ilə bağlıdır. Baş nazir İran xalqına müraciət edərək deyib ki, onların küçələrə çıxaraq öz mövqelərini ifadə edə biləcəyi anın yaxınlaşdığını düşünür. Netanyahu qeyd edib ki, İsrail İran xalqının yanında olduğunu və onları dəstəklədiyini bildirir, lakin son qərar və dəyişikliklərin taleyi məhz iranlıların öz əlindədir.

O həmçinin İsrail ilə ABŞ arasında münasibətlərə toxunaraq vurğulayıb ki, ölkəsinin Donald Tramp ilə münasibətləri əvvəlki ABŞ prezidentləri ilə qurulan əlaqələrdən “yüz dəfə daha güclüdür”. Netanyahu bunun İsrailin beynəlxalq mövqeyini möhkəmləndirdiyini deyib.

Baş nazir İsrail vətəndaşlarına müraciət edərək raket hücumları səbəbindən insanların çətin günlər yaşadığını bildiyini deyib. O xüsusilə ölkənin şimalında vəziyyətin gərgin olduğunu qeyd edib. Bununla yanaşı, vətəndaşların arxa cəbhə komandanlığının göstərişlərinə əməl etməsinin hökumətə və orduya əlavə güc verdiyini vurğulayıb.

Netanyahu müharibənin məqsədləri barədə danışarkən bildirib ki, əsas hədəf İranın nüvə və raket proqramlarına ağır və həlledici zərbə endirməkdir. O əlavə edib ki, eyni zamanda İran xalqının mövcud rejimdən qurtulması üçün optimal şərait yaradılması da məqsədlərdən biridir. Baş nazir qeyd edib ki, İsrail rejimin devriləcəyinə zəmanət verə bilməz, lakin bunun üçün müəyyən şərtlər yarada bilər və bundan sonrakı addımlar İran xalqının özündən asılıdır.

Netanyahu Livanda fəaliyyət göstərən Heizbullah təşkilatına da toxunaraq bildirib ki, bu qruplaşma İsrailin hərbi gücündən qorxur. Onun sözlərinə görə, İsrailə qarşı həyata keçirilən hər hansı hücum və ya təcavüzə görə təşkilat ağır bədəl ödəyəcək.

Baş nazir qeyd edib ki, İsrail tərəfi İran rejiminin süqut edəcəyinə ümid edir, lakin bunun baş verib-verməyəcəyini yalnız iranlılar müəyyən edə bilər. Netanyahu bildirib ki, İsrail bu prosesdə müəyyən dəstək göstərir. Onun sözlərinə görə, hətta rejim dəyişməsə belə, İran əvvəlkindən daha zəif olacaq, çünki ölkə artıq bir çox təhlükəli imkanlarını itirib.

Aygün

Seçilən
60
1
nocomment.az

2Mənbələr