Bakı Apellyasiya Məhkəməsində istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılmasında təqsirləndirilən Rafiq Rəfiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilib və Sabunçu Rayon Məhkəməsinin hökmünü qismən dəyişdirib, təqsirləndirilən şəxsin üzərində qəti olaraq saxlanılmış 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından əvvəlki hökm üzrə çəkilmiş 1 il 8 ay 13 gün müddət çıxılıb və nəticədə onun üzərində 6 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bununla yanaşı, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.3-cü bəndi tətbiq olunaraq Rafiq Rəfiyev təyin edilmiş cəzadan azad edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.
İttihama görə, Rafiq Rəfiyev Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən qanunla qadağan edilmiş əşyanı istifadə etməkdə təqsirli bilinib. Belə ki, o, kamerada saxlanıldığı müddətdə həmin orada onunla birlikdə həbsdə olan digər şəxsə məxsus mobil telefondan istifadə edib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs daxilində danışıq kartı olmayan və “Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları” ilə qadağan edilmiş əşya hesab olunan “İPhone 6” markalı, mobil smartfondan istifadə edib. Rafiq həmin telefona yerləşdirilmiş müxtəlif mobil nömrələr vasitəsilə 2023-cü ilin müəyyən tarixindən 2024-cü ilin müəyyən tarixinədək rəsmi münasibətdə olmayan arvadının istifadəsində olan nömrəyə zənglər edərək telefon danışıqları aparıb.
Məlumata görə, 30 yanvar 2024-cü il tarixdə saat 11:12 radələrində Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən kamerada keçirilən axtarış-baxış zamanı qeyd olunan mobil telefon kameradakı hava borusunun içərisindən aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxsin həmin hərəkətləri Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş – cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında qadağan olunmuş əşyaların saxlanılması və istifadə edilməsi cinayət tərkibi yaradır.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Rafiq Rəfiyev 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunaraq Abşeron Rayon Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hazırkı iş üzrə təyin olunmuş 5 aylıq cəza qismən toplanılıb və təqsirləndirilən şəxsə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun bu cinayət işi üzrə axtarışda olduğu müddətdə tutulduğu 1 gün təyin olunmuş cəzaya hesablanıb və nəticədə üzərində 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Məhkəmə əvvəlki hökm üzrə artıq 2 il cəza çəkildiyini nəzərə alaraq həmin müddəti çıxıb və nəticədə Rafiq Rəfiyevin üzərində 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bundan əlavə, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. Lakin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək qərarın dəyişdirilməsini tələb edib.
Kamal Məmmədov