AZ

Mart nə üçün “dərd ayı”dır?

Adətən “Mart gəldi, dərd gəldi”, “Mart çıxdı, dərd çıxdı” deyimini bayramlarla bol olan mart ayı haqqında eşidirik. Əslində isə mart bayramlar ayıdır. Lakin düşünürük ki, mart tez çıxsa, işlərimiz yoluna düşəcək. Mart ayı Azərbaycanda həm təbiətin oyanışını, həm də insanların sağlamlığında müəyyən dəyişiklikləri bildirir. Məlumdur ki, marta “Boz ay” da deyirlər.

Bəzi folklorşünaslar bildirir ki, “Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı” deyiminin yaranmasına səbəb mart ayında hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlıdır. Məlum olduğu kimi, martda hava tez-tez küləkli, dəyişkən, buludlu, tutqun olur. Bu da kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün sıxıntı yaradır. Beləliklə, qədim zamanlarda ölkəmizdə mart ayına problem, dərd kimi baxıblar, onun tezliklə çıxmasını gözləyiblər. Martdan sonra isə təbiət tamamilə oyanmağa, yaşıllaşmağa başlayır. İnsanların da həyatları rahatlaşmağa doğru getdiyindən “Mart çıxdı, dərd çıxdı” deyirlər.

Martın gəlişi ilə allergiyadan əziyyət çəkənlərin narahatlığı da başlayır. Çox vaxt allergiya burun axması, çoxlu asqırma və göz qaşınması kimi əlamətlərlə müşahidə edildiyinə görə qripə bənzəyir. Yazın gəlişi ilə mövsümi allergiya da baş qaldırır.

Allergiya fərqli xüsusiyyətə malikdir. Məsələn, qida allergiyası zamanı buna səbəb olan qida məhsulu rasiondan çıxarılandan sonra şikayətlər aradan qalxır. Ağacların çiçəkləməsi, təbiətdə gedən tozlanma prosesinə qarşı allergiyası olanların işi daha çətin olur. Bəzən allergiya ilə qripi dəyişik salanlar da olur.

Qrip və yaz allergiyasının fərqi...

İnfeksionist Vüqar Cavadzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, fevral ayının ortalarından artıq çiçəklərdə tozlanma prossesi başlayır. Tozlanmada iştirak edən tozcuqlar mikroskopik ölçülü olur və gözlə görünmür, kilometrlərlə ətrafa yayılır.

İnfeksionistin sözlərinə görə, qrip və yaz allergiyası arasındakı müəyyən fərqlər var. Belə ki, qrip zamanı bədən ağrıları daha ön planda olduğu halda, allergiyada belə olmur:

“Allergiyada qriplə müqayisədə asqırmalar daha tez-tez olur. Allergiya ilə əlaqədar xəstəliklərdə qızdırma halları da o qədər müşahidə edilmir. Bədəndə ağrıların və qızdırma hallarının ön planda olması daha çox virus mənşəli, yaxud digər respirator xəstəliklə əlaqədardır”.

Tam müalicəsi yoxdur

Həkim qeyd edib ki, allergiyanın tam müalicəsi yoxdur: “Başqa bir hal xəstəliyin bəzən uzun müddət davam etməsidir. Buna səbəb allergiyaya meyilli olanların özləri istəməsə də, onu yaradan səbəblərlə daim təmasda olmasıdır. Bəzi insanların bu tozcuqlara, polemlərə qarşı həssaslığı və allergiyası var. Allergiyası olan insanlarda da yaz aylarında burun tutqunluğu, nəfəsalmanın çətinləşməsi, burunda qaşınma, qripə bənzər hallar olur. Eyni zamanda burundan selik ifrazı, gözlərdə qum qalma hissi, qaşınma, sulanma, qulaqda, damaqda qaşınmalar kimi şikayətlər olur. Bəzi pasiyentlərdə bronxial-astma, polen allergiyası xəstəliyi var, bu isə yaz mövsümündə astmanın kəskinləşməsinə səbəb olur. Ən çox müraciət edilən şikayətlər mövsüm allergiyasıdır və xroniki xəstəlikdir. Bu mövsüm pasiyenti müalicə etsək də, bu prosesin gələcəkdə təkrarlanma ehtimalı böyükdür. Davamlı müalicə alan pasiyentlərdə sakitləşmə olur və bir necə il xəstələri narahat etmir. Lakin bu xəstələr daim özlərinə nəzarət etməlidirlər. Ümumiyyətlə, allergiya əlamətləri soyuqdəymə, qrip kimi başa düşülür. İnsanlar müraciət edirlər ki, iki aydır qripəm, immunitetim aşağı düşüb. Müayinə etdikdə isə məlum olur ki, bu, yaz allergiyasıdır. Qeyd edim ki, qrip viral infeksiyadır və bir həftə -10 gün ərzində yekunlaşır”.

Yeganə BAYRAMOVA

Seçilən
35
yeniazerbaycan.com

1Mənbələr