AZ

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları atletika yarışında yüksək nəticələr əldə ediblər - FOTOLAR

12 mart 2025-ci il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib.

QHT.az xəbər verir ki, yarışda iştirakçılar 60, 400, 800 metr məsafəyə qaçış və uzunluğa tullanma idman növü üzrə mübarizə aparıblar.

Yarışda iştirak edən FHN-in əməkdaşları yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kişilər arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşı daxili xidmət çavuşu İlkin Əlizadə bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Qadınlar arasında 60 metr məsafəyə qaçış üzrə yarışda Nazirliyin Aparatının əməkdaşı Mələkxanım Məmmədova qızıl, İdman-sağlamlıq klubunun əməkdaşı Zəkiyyə Kərimli isə gümüş medala yiyələniblər.

Bundan əlavə, kişilər arasında 800 metr məsafəyə qaçış üzrə yarışda Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşı baş gizir Cəlal Süleymanov qızıl, Bakı Regional Mərkəzinin əməkdaşı kapitan İlqar Məmmədov isə gümüş medala yiyələnməyi bacarıblar. 400 metrə qaçış üzrə yarışda qadınlar arasında Mələkxanım Məmmədova 1-ci yerə, XRXX-nın əməkdaşı leytenant Sima Səfərova 2-ci yerə layiq görülüb. Uzunluğa tullanma yarışında kişilər arasında DYMX-nın əməkdaşı daxili xidmət baş çavuşu Yevgeniy Kasilov, qadınlar arasında isə Zəkiyyə Kərimli gümüş medalın sahibi olublar.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim edilib.

Seçilən
37
6
qht.az

7Mənbələr