AZ

Günü 1,8 milyard dollarlıq müharibə...

Gizli vasitəçilər danışıqlar masası yarada biləcəkmi?

Yaxın Şərqdə silahlar susmur. Fevralın sonundan başlayan döyüşlər davam etməkdədir. Bir sıra xarici KİV-lər, xüsusilə, Avropa mətbuatı döyüşlərin yaxın zamanda bitməyəcəyini deyir. Paralel olaraq xərclənən maliyyə “göz qamaşdırır”. Belə ki, ABŞ Müdafiə Nazirliyi Konqresə təqdim etdiyi gizli hesabatda İranla davam edən hərbi əməliyyatların rəsmi “xərcini” açıqlayıb. “The New York Times”ın məlumatına görə, Kapitolidə keçirilən qapalı

brifinqdə qanunvericilərə döyüşlərin ilk altı gününün büdcəyə 11,3 milyard dollardan baha başa gəldiyi bildirilib. Qeyd olunur ki, bu məbləğ yalnız aktiv döyüş əməliyyatlarını, sərf olunan raketləri, aviasiya yanacağını və hərbi texnikanın cari təmirini əhatə edir.

Təqdim olunan 11,3 milyard dollarlıq ilkin qiymətləndirməyə müharibədən əvvəl həyata keçirilən genişmiqyaslı qoşun yığılması, hərbi personalın regiona daşınması və texnikanın yerləşdirilməsi xərcləri daxil edilməyib. Bu səbəbdən konqresmenlər birinci həftənin ümumi xərcinin hesablanması başa çatdıqdan sonra rəqəmin əhəmiyyətli dərəcədə artacağını gözləyirlər. Bununla belə ekspertlər gündəlik tutumu 1,8 milyard dollar olan hərbi xərcin dövlət üçün böyük çətinliklər yarada biləcəyi qənaətindədir.

ABŞ Livana qarşı...

Livanın “Hizbullah” hərəkatı İsrailə qarşı hərbi əməliyyatın başladığını elan edib. Məlumata görə, təşkilat İsrailin şimal bölgələrinə təxminən 100 raket atıb. Bildirilir ki, bu hücum son eskalasiyadan bəri ən böyük hücumlardan biri hesab olunur.  İsrail ordusu hücumdan sonra bölgə sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmaq çağırışı edib. Rəsmi açıqlamada qeyd olunub ki, raket hücumlarına cavab olaraq İsrail aviasiyası Livanın paytaxtı Beyrutun cənub ətraflarına bir sıra zərbələr endirib.

ABŞ isə Livanda “Hizbullah” qruplaşmasının obyektlərinə qarşı həyata keçirilən hava zərbələrinə qoşula biləcəyini açıqlayıb. Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalının İsrailin yüksək vəzifəli mənbəsinə istinadən yaydığı məlumata görə, Vaşinqton mümkün iştirakın formatını, zamanını və şərtlərini açıqlamayıb.

“Əl-Həşd əş-Şaabi” koalisiyasının 19-cu briqadasına hücum olub

ABŞ və İsrail hərbi hava qüvvələrinin İraqın qərbində həyata keçirdiyi birgə əməliyyat nəticəsində İrana yaxın silahlı qruplaşmalar ağır itkilər verib. İraq mediasının yaydığı məlumata görə, Suriya ilə sərhəddə yerləşən Akaşat bölgəsində şiə könüllülərindən ibarət “Əl-Həşd əş-Şaabi” koalisiyasının 19-cu briqadasına məxsus hərbi obyektlər hədəf alınıb. Gecə saatlarında endirilən nöqtə atışları nəticəsində ən azı 35 döyüşçü həlak olub, onlarla silahlı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Bombardman “Əl-Həşd əş-Şaabi”nin sərhəd təhlükəsizliyini təmin edən qərargahlarını və silah anbarlarını əhatə edib. İsrail və ABŞ-ın birgə istifadə etdiyi qırıcılar bölgədəki logistik mərkəzləri yerlə-yeksan edib.

İtaliya bazasına da hücum edili?

İtaliyanın müdafiə naziri Quido Krosetto İraqın Ərbil şəhərindəki İtaliya bazasına zərbə endirildiyini təsdiqləyib. Heç bir hərbçinin xəsarət almadığı bildirilib. “Ərbildəki bazamıza raket dəyib. İtaliyalı personal arasında itki və ya xəsarət alan olmayıb. Hamı təhlükəsizdir”, - məlumatda deyilir. Xarici işlər naziri Antonio Tayani bildirib ki, baza digər ölkələrə məxsus bazaları əhatə edən bir kompleksdə yerləşir. “Biz onun italyanlara, yoxsa bütün strukturlara yönəldiyini bilmirik”, - deyə o bildirib. O əlavə edib ki, raketin İran ərazisindən, yoxsa İraqda fəaliyyət göstərən İranyönlü qruplardan atıldığı bəlli deyil.

Almaniya müharibənin bitməsini istəyir

Almaniya isə müharibənin tez başa çatmasını arzulayır və dəstəkləyir. Almaniya kansleri Fridrix Merts uzanan münaqişənin getdikcə daha çox şübhə doğurduğunu bildirib və hazırda döyüşlərin tez bir zamanda aydın şəkildə başa çatmasına imkan verəcək razılaşdırılmış bir planın olmadığını vurğulayıb. Onun sözlərinə görə, on gündən çox davam edən müharibədən sonra vəziyyət gərginləşməyə davam edir və Berlin mümkün qədər tez bir zamanda daha da gərginləşmənin qarşısını almağı vacib hesab edir.

Pezeşkian təzminat tələb edir

Bu arada ABŞ Prezidenti Donald Tramp da müharibə ilə bağlı açıqlamalar verib. O bildirib ki, İranla bağlı hərbi əməliyyatlar son mərhələyə yaxınlaşır. Trampın sözlərinə görə, müharibə tezliklə başa çata bilər, çünki artıq hədəf alınacaq obyektlərin sayı demək olar ki, qalmayıb. ABŞ prezidenti qeyd edib ki, həyata keçirilən zərbələr nəticəsində İranın hərbi və strateji imkanları ciddi şəkildə zəiflədilib. “İran artıq məğlubdur, məsələ demək olar ki, həll edilib. İranın müqavimət gücü demək olar ki, qalmayıb. Biz onların hər şeyini sıradan çıxarmışıq”, - deyə Tramp qeyd edib. “Axios”un məlumatına görə, Vaşinqtonda da əməliyyatların yaxın müddətdə yekunlaşa biləcəyi barədə müzakirələr aparılır.

İran Prezidenti Məsud Pezeşkian isə sosial media hesabında paylaşım edib. Bildirilib ki, “Müharibə yalnız İranın qanuni haqları tanınacağı təqdirdə bitə bilər”. M.Pezeşkian həmçinin, İrana təzminat ödənilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, siyasi ekspertlər müharibənin bitmə zamanından daha çox bərpa prosesinin vaxt alacağını düşünür. Qeyd olunur ki, müharibənin həm iqtisadiyyata, həm də beynəlxalq münasibətlərə təsiri daha çox zaman alacaq. Bu isə qlobal iqtisadiyyat üçün müsbət vədlər vermir. 

Trampın müharibə açıqlamaları - üfüqdə danışıqlar görünür?

Donald Tramp İranla bağlı keçirilən hərbi əməliyyatlara münasibət bildirərkən ABŞ ordusunun fəaliyyətini yüksək qiymətləndirib və əməliyyatı “kiçik ekskursiya” kimi xarakterizə edib. Onun sözlərinə görə, bu proses iki həftə davam edib və ABŞ hərbçiləri özlərini “inanılmaz dərəcədə yaxşı” göstəriblər. “Nəhayət bu kiçik iki həftəlik ekskursiyaya çıxmalı olduq. Amma bu, inanılmaz idi. Hərbçilərimiz sadəcə möhtəşəm iş gördülər”, - deyə ABŞ prezidenti bildirib.

Tramp həm də sona qədər döyüşəcəklərini bildirib - qeyd edib ki, hərbi əməliyyatlar qarşı tərəf tam və qəti şəkildə məğlub edilənə qədər davam edəcək. Trampın sözlərinə görə, ABŞ və müttəfiqləri artıq bir çox istiqamətlərdə üstünlük əldə edib, lakin, bu hələ kifayət deyil: “Düşmən tam və qəti şəkildə məğlub edilənə qədər heç vaxt dayanmayacağıq. Bir çox baxımdan artıq qalib gəlmişik, amma hələ kifayət qədər qələbə qazanmış deyilik”.

Ekspertlərin fikrincə, ABŞ Prezidentinin müharibənin gedişi ilə bağlı ziddiyyətli fikirlər söyləməsi müharibə ilə bağlı mövqenin tez-tez yenilənməsi ilə də bağlı ola bilər. Hətta müharibənin başa çatması üçün danışıqlar formatının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin aparılmasına da işarə olunur. Vurğulanır ki, bu kimi informasiyalar ciddi şəkildə gizliliyini qoruyur. Amerika KİV-lərinin mənbələrə istinadən yaydığı məlumata görə, Oman, Misir və Türkiyə İran ilə ABŞ arasında dialoqun qurulması üçün vasitəçilik etməyə çalışır. Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp da artıq müharibədən çıxış yollarını araşdırmağa başlayıb. Bununla belə, Vaşinqtondakı mənbələr bildirir ki, müharibənin yaxın zamanda dayandırılması ehtimalı hələlik zəifdir. 

İsrailin şimal bölgələrinə zərbələr endirilib

Son günlərdə İsrailin şimal bölgələrinə və bir sıra hərbi obyektlərinə raket hücumları həyata keçirilib. Məlumatlara görə, hücumlarda kaset tipli döyüş başlıqları ilə təchiz edilmiş raketlərdən istifadə olunub. Yayılan görüntülərdə ard-arda çoxsaylı raketlərin İsrail istiqamətində buraxıldığı, səmada isə hava hücumundan müdafiə sistemlərinin intensiv şəkildə işlədiyi görünür. Lakin hücumların miqyası böyük olduğu üçün bəzi raketlərin qarşısının alınmasının çətinləşdiyi bildirilib.

İki tanker yandı...

İraqın Umm-Qəsr limanında isə iki tankerə hücum edilib. Əl-Cəzirənin məlumatına görə, hücum İraqın Fars körfəzi sahilində yerləşən Umm-Qəsr limanında baş verib. Bildirilir ki, hücuma məruz qalan gəmilərdən biri İraqa, digəri isə xarici şirkətə məxsus tanker olub. Zərbə nəticəsində tankerlərdən birində güclü yanğın başlayıb. İlkin məlumatlara əsasən, hadisə axşam saatlarında baş verib. Zərbə nəticəsində tanker qısa müddətdə alova bürünüb. Bildirilib ki, insident zamanı 25 dənizçi xilas edilib və xəsarət alan olmayıb. Hücumun İran tərəfindən həyata keçirildiyi iddia olunsa da, rəsmi qurumlar açıqlama verməyib.

Tehranın Rabat Kərim sənaye zonası da hava zərbələrinə məruz qalıb. Tehran meri Əlirza Zəkaninin sözlərinə görə, bölgədəki hazırkı gərginliyin ilk 10 günündə İranda təxminən 9000 müxtəlif növ obyekt İsrail və ABŞ bombardmanlarına məruz qalıb. O, İran dövlət televiziyasındakı çıxışında əlavə edib ki, “paytaxtda artıq genişmiqyaslı dağıntıların təmizlənməsi işləri aparılıb və bu proses davamlı olaraq aparılır”.

Dubayda yanğın...

Dubayda isə pilotsuz uçuş aparatı göydələnə çırpılıb və nəticədə yanğın baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, dron Dubay Krik Limanı ərazisində yaşayış binasına çırpılıb. “Binada olan bütün şəxslərin təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları aparılıb”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Dubay Krik Limanı (Dubai Creek Harbour) Ras-Əl-Xor Təbiət Qoruğuna bitişik böyük bir rayonudur. Buraya yaşayış sahələri, hotellər, biznes və pərakəndə satış məkanları, gəzinti yerləri, marina, ictimai çimərlik, müşahidə göyərtələri və gəzinti yeri daxildir.

Neft yataqları hədəfə alındı

İran isə Körfəz ölkələrindəki neft yataqlarını və yükləmə terminallarını hədəf almağa başlayıb. SEPAH artıq BƏƏ-nin Fujayra Əmirliyindəki neft yatağına və Şarja Əmirliyindəki sənaye zonasına hücum etdiyini açıqlayıb: “Fujayradakı neft yatağı və Şarjadakı sənaye zonası, eləcə də Küveytdəki hərbi bazadakı Amerika obyektləri son hücumun əsas hədəfləri olub”. İran həmçinin Bəhreynin şimalındakı Muharraq  əyalətində yanacaq bazasına hücum edib. Bundan başqa, İraq sahillərində 3 neft tankerinə də hücum olunub. Tankerlərdə yanğın başlayıb. Bu hücumdan sonra İraqın neft terminalları fəaliyyətini dayandırıb. Bu barədə İraq Limanları İdarəsinin baş direktoru Fərhan əl-Fartusi bildirib ki, hazırda neft limanı əməliyyatları dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir.

Bundan əlavə, “Şafaq Xəbər” portalının məlumatına görə, İraqın cənub bölgəsində yerləşən dünyanın ən böyük neft yataqlarından biri olan “Məcnun”a 24 saat ərzində ikinci dəfə pilotsuz təyyarə hücum edib.

İraqın Bəsrə əyalətindəki təhlükəsizlik xidmətlərinin məlumatına görə isə Məcnuna yönəlmiş PUA yataqda işləyən işçilərin yaşadığı binanın yaxınlığında düşüb, yatağa heç bir ziyan dəyməyib və xəsarət alan olmayıb.

İran eyni zamanda Səudiyyə Ərəbistanının “Şeybah” neft yatağına iki dronla hücum etməyə cəhd edib. Ər-Riyad onların məhv edildiyini açıqlayıb.

İrana hücumlar olub...

İran ərazisindəki bəzi hədəflərə uzaqmənzilli raket zərbələri endirilib. Məlumatda bildirilir ki, hücum zamanı ATACMS tipli taktiki ballistik raketlərdən istifadə olunub. Məlum olub ki, raketlərin bir qismi Küveyt, Bəhreyn və İraq ərazilərindən buraxılıb.

İran ordusu isə Küveytdə yerləşən və içərisində amerikalıların olduğu bildirilən binaya zərbələr endirib.

Hindistan Hörmüzdən keçə biləcək...

İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib. Bu, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və İranın XİN rəhbəri Abbas Araqçi arasında danışıqlardan sonra baş verib. NDTV-nin məlumatına görə, ən azı iki Hindistan tankeri - “Pushpak” və “Parimal” artıq boğazdan keçib.

P.İSMAYILOV

Seçilən
13
1
yeniazerbaycan.com

2Mənbələr