AZ

Biznes fəaliyyəti ilə bağlı vətəndaşlara yalan vədlər verən şəxs azadlığa buraxıldı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Məlikovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin olunmuş 7 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 5 il həddində müəyyən olunub və Fərid Məlikova şərti cəza verilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

İttihama görə, Fərid Məlikov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq edib və zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurub.

Araşdırmalar zamanı müəyyən edilib ki, o, ilk olaraq zərərçəkmiş Fərəc Babayevin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək içməli su biznesi ilə məşğul olmaq, həmçinin avtomobillərə texniki xidmət göstərən servis açmaqla gəlir əldə edəcəklərini vəd edib. Bu məqsədlə 2022-ci ilin iyul ayından oktyabr ayınadək olan müddətdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “NFC Rent a Car” adlı ofisdə zərərçəkmiş şəxsdən iki dəfə olmaqla 20 000 və 22 000 manat pul alıb. Beləliklə, o, ümumilikdə 42 000 manat məbləğində vəsaiti ələ keçirərək Fərəcə xeyli miqdarda ziyan vurub.

Bundan başqa, təqsirləndirilən şəxs digər zərərçəkmiş Namiq Yusiflinin (adı, soyadı şərtidir) etibarından da sui-istifadə edib. Fərid içməli su biznesi qurmaq və avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmaq adı ilə qazanc əldə ediləcəyini vəd edərək müxtəlif vaxtlarda pul vəsaitləri alıb. Belə ki, 2022-ci ilin avqust ayının əvvəllərində paytaxt ərazisində yerləşən “Star Academy” kursunun yerləşdiyi binada zərərçəkmişdən 15 000 manat, 2022-ci ilin sentyabr ayında həmin ünvanda 11 000 manat, 2023-cü ilin yanvar ayının əvvəllərində isə 40 000 manat pul alıb. Bununla da o, ümumilikdə 66 min manat məbləğində vəsaiti ələ keçirərək Namiqə külli miqdarda ziyan vurub.

İstintaqla müəyyən edilib ki, Fərid Məlikov daha sonra zərərçəkmiş Qafur Tahirovun (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək avtomobillərin icarəyə verilməsi və avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmaq adı ilə qazanc əldə ediləcəyini bildirib. Bu məqsədlə 2022-ci ilin oktyabr ayı ərzində “NFC Rent a Car” ofisində hissə-hissə olmaqla zərərçəkmişdən 42 000 manat pul alaraq onu da aldadıb.

Bundan başqa, o, zərərçəkmiş Məğrur Tağıyevin (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmaq adı ilə qazanc əldə ediləcəyini bildirib və müxtəlif tarixlərdə ondan pul vəsaitləri alıb. Belə ki, 2023-cü ilin yanvar ayının əvvəllərində zərərçəkmişin yaşadığı ünvanın yaxınlığında yerləşən ödəmə aparatı vasitəsilə 23 100 manat, 20 yanvar 2023-cü il tarixdə 13 800 manat, 22 fevral 2023-cü il tarixdə 1 500 manat, həmin ilin fevral ayının sonlarında 7 000 manat və daha sonra “NFC Rent a Car” ofisində 5 000 manat olmaqla ümumilikdə 50 400 manat pul vəsaitini ələ keçirib.

İş materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs daha bir zərərçəkmiş İxtiyar Talıblının (adı, soyadı şərtidir) da etibarından sui-istifadə edib. O, avtomobillərə texniki xidmət göstərən servis açmaqla gəlir əldə ediləcəyini vəd edib və dostluq münasibətində olduğu digər zərərçəkmiş vasitəsilə müxtəlif tarixlərdə ondan pul alıb. Belə ki, 12 noyabr 2022-ci il tarixindən başlayaraq 26 may 2023-cü ilədək olan müddətdə müxtəlif məbləğlərdə pul vəsaitləri alaraq ümumilikdə 129 050 manat məbləğində vəsaiti ələ keçirib.

Beləliklə, istintaq materiallarına görə, Fərid Məlikov müxtəlif şəxslərə biznes fəaliyyəti ilə bağlı yalan vədlər verərək onların etibarından sui-istifadə edib və ümumilikdə böyük məbləğdə pul vəsaitini mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
konkret.az

3Mənbələr