İran millisi 2026-cı il dünya çempionatından birtərəfli qaydada imtina edəcəyi halda, FİFA komandaya ciddi cəza tətbiq edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İran yığması mundialda iştirakdan imtina etsə, FİFA bu ölkənin milli komandalarını öz himayəsi altında keçirilən bütün gələcək turnirlərdən kənarlaşdıra bilər. Bundan başqa, qərarın nə vaxt verilməsindən asılı olaraq İran Futbol Federasiyası 275 min avrodan 555 min avroya qədər cərimələnə bilər. Bundan əlavə, FİFA-nın intizam komitəsi İran millisinə qarşı idman sanksiyaları da tətbiq edə bilər.
Xatırladaq ki, daha əvvəl İranın idman naziri Əhməd Donyamali mövcud şəraitdə komandanın dünya çempionatında iştirak imkanının olmadığını bildirib.
Fevralın 28-də ABŞ və İsrail Tehranın nüvə proqramını məhv etmək məqsədilə İrana raket zərbələri endirib. Buna cavab olaraq İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə, eləcə də region ölkələrinin neft hasilatı sektoruna zərbələr endirməyə başlayıb.