AZ

İlahiyyatçı: "Kimsə bir günlük yemək pulundan artıq dilənərsə, qazandığı ona haramdır”

“İslam dininə görə dilənçi, yəni fəqirliyi səbəbi ilə dilənməyə məcbur olan şəxs bir günlük yemək pulundan artıq dilənərsə, qazandığı ona haramdır.  Eləsinə pul vermək də haramdır, çünki İslam dini dilənçiliyi adətə, vərdişə çevirməyi qəbul etmir”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

 

O bildirib ki, bəziləri dilənçiliyi asan qazanc növünə, peşəyə çeviriblər: “Bu, dində rədd edilir. Məhəmməd Peyğəmbər zamanında “Əshabi-suffa” deyilən miskinlər zümrəsi olub. Onlar bir yerə toplaşıb elmlə, ibadətlərlə, “Quran”la məşğul olurdular, amma  dilənmirdilər. İnsanlar onların halını bildikləri üçün müəyyən maddi dəstək göstərirdilər. Günlük ehtiyacından artıq dilənən dilənçi artıq miskin yox, müftəxor sayılır. Küçələrdə dilənən adamların problemləri gərək həll edilsin. Çünki belə şəxslərin içində, həqiqətən də, əlacı kəsilən, dərin problemləri olanlar, xəstələr, işsizlər də var. Sədəqə, fitrə kimi ianələr ehtiyaclı olduğu bilinən kəslərə verilməlidir. Yoxsa eləsi var ki, kimlərsə tərəfindən diləndirilir, yaxud ehtiyacı yoxdur, amma havayı və asan qazanc növü olduğu üçün vərdiş edib, dilənir. Bu cür adamlara pul vermək doğru deyil, lakin ehtiyacından dolayı əl açana imkan daxilində mütləq nəsə verilməlidir".

 

Qeyd: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

 

Aytəkin Qardaşova

Tarix: 13 Mart 2026, 10:58   
Seçilən
1
pravda.az

1Mənbələr