AZ

Son 5 ildə magistraturaya qəbul olanların sayı 37 faiz artıb

2025–2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu planının 81,7 faizi yerinə yetirilib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025–2026-cı tədris ili üçün magistratura səviyyəsi üzrə Elm və Təhsil Nazirliyinin, digər nazirlik, komitə və təşkilatların tabeliyində olan, eləcə də özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı 17 558 yer müəyyən edilib.

Hesabat dövründə magistratura səviyyəsi üzrə 17 558 plan yerindən 14 335 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan göstəricisinin 81,7 faizinin faktiki olaraq təmin edildiyini göstərir.

Eyni zamanda, 2025–2026-cı tədris ilində magistratura səviyyəsində 7 094 nəfər (40,4 faiz) dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanıb.

Qeyd olunub ki, magistratura səviyyəsində faktiki tələbə qəbulu üzrə son 5 ildə artım dinamikası müşahidə edilir. Belə ki, 2021–2022-ci tədris ilində 10 484 nəfər olan faktiki qəbul 2025–2026-cı tədris ilində 14 335 nəfərə çatıb ki, bu da 3 851 nəfər və ya təxminən 37 faiz artım deməkdir.

Seçilən
3
azedu.az

1Mənbələr