AZ

"Sabunçuda insanlar günlərlə palçıqlı küçələrdə hərəkət etmək məcburiyyətində qalır" - Fazil Mustafa

"Təmsil etdiyim Sabunçu rayonunun Zabrat qəsəbəsində, eləcə də rayonun digər qəsəbələrində seysmik təhlükəsizliyi şübhə doğuran binalarla bağlı müəyyən işlər görülsə də, hələ ciddi irəliləyiş əldə olunmayıb. Qəzalı vəziyyətdə olan yüzlərlə binanın taleyi ilə bağlı müəyyən addımlar atılsa və bəzi işlər görülsə də, əsas yük yenə də qarşıdakı illərə ötürülür. Əminəm ki, dövlət büdcəsindən müəyyən vəsait ayrılması və özəl sektorun bürokratik maneələrdən azad edilməsi şərti ilə yaxın 5 il ərzində ölkə ərazisində qəzalı binalar probleminə son qoymaq mümkündür".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.

O əlavə etdi ki, Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığına görə güclü yağış yağan kimi televiziya kanalları tərəddüd etmədən kameralarını həmin əraziyə yönəldir:

"Avtomobil yollarının üzərində faktiki olaraq süni göllər və palçıqlı zolaqlar yaranır. Drenaj sistemi yoxdur, yağış suları yolun kənarına axmır və günəş çıxıb qurudana qədər insanlar günlərlə palçıqlı küçələrdə hərəkət etmək məcburiyyətində qalır. Qeyd edim ki, neft şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisində yerləşir. Müstəqilliyimizi qazandığımız dövrdən başlayaraq bu ərazilərdə xeyli sayda qanunsuz evlər və obyektlər tikilib. Ərazilərin bir hissəsində artıq neft hasilatı aparılmır. Adətən biz büdcəyə vəsait cəlb etməyin ən sadə yolu kimi məhkəmələr vasitəsilə cərimələrin tətbiqini və məbləğinin artırılmasını seçirik. Halbuki neft hasilatı aparılmayan ərazilərdə qanunsuz tikilmiş ev və obyektlərin özəlləşdirilməsi daha böyük vəsaitin büdcəyə cəlb edilməsinə imkan verə bilər və eyni zamanda vətəndaşların illərdir davam edən problemlərini həll edər.

Uzun müddətdir həmin ərazilərdə nə torpaqların təmizlənməsi həyata keçirilib, nə də 20-30 ildən artıqdır orada yaşayan insanların evlərinin özəlləşdirilməsi təmin olunub. Həmin torpaqlarda geniş park massivlərinin salınması istiqamətində də ciddi təşəbbüs görünmür. Aldığım məlumata görə, yeni çəkilən dörd-beş zolaqlı yolun Balaxanıya yaxın hissəsində böyük park kompleksinin salınması nəzərdə tutulur. Bu ideyanı alqışlayıram. Eyni parkın Balaxanı ilə Zabrat arasındakı yolun sol tərəfində yerləşən, geniş və hazırda boş qalmış, neft hasilatı aparılmayan ərazilərdə də salınması imkanlarına baxılmasını hökumətdən xahiş edirəm. Real olaraq 150 minə yaxın əhalisi olan Zabrat qəsəbəsində nümunə göstərmək üçün bir park tapmaq çətindir. Bu işi dövlət büdcəsinin vəsaiti hesabına deyil, sahibkarları stimullaşdırmaq yolu ilə də həyata keçirmək mümkündür. Hər bir ərazidə sahibkara bir obyekt, müəssisə və ya iaşə obyekti tikmək imkanı verilsə, həmin sahibkar həm parkın saxlanmasını təmin edər, həm də dövlət büdcəsindən əlavə vəsait xərcləmədən əhali üçün keyfiyyətli istirahət şəraiti yaradılar".

Nuriyyə NATİQQIZI

Seçilən
18
3
redaktor.az

4Mənbələr