AZ

Dövlət 3,5 milyard manatı nəyə xərcləyəcək?

Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb.

Musavat.com-un məlumatına görə, bunu baş nazir Əli Əsədov 2025-ci ilin hesabatını parlamentə təqdim edərkən bildirib.

Hökumət rəhbəri xüsusilə vurğulayıb ki, cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib: “Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilib. İnvestisiyanın 74,8%-i qeyri-neft-qaz sektoruna, 25,2%-i neft-qaz sektoruna yönəldilib”. Baş nazir deyib ki, 2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılmışdır. Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir.

Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılıb - 2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox”.


Picture

Ə.Əsədov deyib ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik:

“Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mövcud infrastrukturun bərpası və yenisinin inşası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial-iqtisadi həyatın canlandırılması istiqamətində genişmiqyaslı işlər uğurla davam etdirilir. Hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib”.
Hökumət rəhbəri deyib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb. 2025-ci ildə ayrılan vəsaitin məbləği 4.4 mlrd.manat olub.

2026-cı ildə isə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub:

“Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

E.Paşasoy,
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr