AZ

Aİ Azərbaycanı özünə önəmli strateji tərəfdaş sayır

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıda səsləndirdiyi “Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir” fikri dəyişən beynəlxalq sistemdə Cənubi Qafqazın və xüsusilə Azərbaycanın artan geosiyasi çəkisinin etirafıdır. Bəs Avropa İttifaqı niyə məhz indi Azərbaycanın rolunu bu qədər açıq vurğulayır? Siyasi analitik baxışdan bu sualın cavabı bir neçə paralel prosesin kəsişməsində axtarılmalıdır.

Enerji təhlükəsizliyi və geosiyasi reallıq

Avropanın son illərdə qarşılaşdığı ən ciddi strateji problemlərdən biri enerji təhlükəsizliyi məsələsi oldu. Uzun müddət Avropa iqtisadiyyatı nisbətən sabit və ucuz enerji mənbələrinə əsaslanırdı. Xüsusilə Rusiya qazı bu sistemin əsas dayaqlarından biri sayılırdı. Lakin Ukrayna müharibəsi bu modelin nə qədər həssas və riskli olduğunu göstərdi.

Bir neçə onillik ərzində formalaşmış enerji asılılığı qısa müddətdə geosiyasi problemə çevrildi. Enerji artıq birbaşa təhlükəsizlik məsələsi kimi qəbul olunmağa başladı. Məhz bu nöqtədən etibarən Avropa enerji siyasətinə fərqli baxmağa başladı: əsas məqsəd enerji mənbələrinin şaxələndirilməsi oldu. Cənubi Qaz Dəhlizi layihəsi bu kontekstdə Avropa üçün strateji əhəmiyyət qazandı. Xəzər hövzəsinin enerji resurslarını Türkiyə üzərindən Avropaya çatdıran bu infrastruktur Avropanın enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi qiymətləndirilir. Azərbaycanın bu sistemdəki rolu isə getdikcə daha açıq şəkildə vurğulanır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm halqaya çevrilib.

Orta Dəhliz və Avrasiyanın yeni logistik xəritəsi

Müasir dünyada ticarət yolları, logistika marşrutları və nəqliyyat dəhlizləri də dövlətlərin strateji əhəmiyyətini formalaşdıran əsas amillərdən birinə çevrilib. Tarix dəfələrlə göstərib ki, böyük iqtisadi əlaqələrin keçdiyi məkanlar zamanla siyasi baxımdan da mühüm mərkəzlərə çevrilir.

Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər yeni nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırıb. Uzun müddət Çin ilə Avropa arasında yük daşımalarının mühüm hissəsi Rusiya ərazisindən keçən marşrutlar vasitəsilə həyata keçirilirdi. Lakin Ukrayna müharibəsi bu sistemin siyasi risklərini açıq şəkildə ortaya qoydu. Sanksiyalar, geosiyasi gərginlik və təhlükəsizlik məsələləri Avropa və Asiya arasında ticarət əlaqələrinin alternativ yollar üzərindən qurulması zərurətini gündəmə gətirdi. Məhz bu şəraitdə Orta Dəhliz – Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat marşrutu – xüsusi strateji əhəmiyyət qazandı. Çünki Orta Dəhlizin mərkəzi geosiyasi qovşaqlarından biri məhz Azərbaycandır. Xəzər dənizi ilə Qara dəniz hövzəsi arasında yerləşən Azərbaycan həm enerji, həm də nəqliyyat əlaqələrini birləşdirən strateji körpü rolunu oynayır.

İran amili və regional təhlükəsizlik

Antonio Koştanın bəyanatında diqqətçəkən məqamlardan biri də İranla bağlı vəziyyətə toxunması oldu. Xüsusilə Naxçıvan hava limanına edilən hücumun qətiyyətlə pislənməsi diplomatik baxımdan mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Başqa sözlə, Avropa İttifaqı regionda baş verən təhlükəsizlik proseslərinə daha açıq və prinsipial yanaşma nümayiş etdirməyə başlayır.

Uzun müddət regionun təhlükəsizlik arxitekturası əsasən böyük hərbi güclərin – xüsusilə Rusiya və qismən NATO-nun təsiri altında formalaşıb. Cənubi Qafqaz geosiyasi baxımdan həmişə müxtəlif güclərin maraqlarının kəsişdiyi məkan olub. Lakin son illərdə beynəlxalq sistemdə baş verən dəyişikliklər bu mənzərəni müəyyən qədər dəyişir. Rusiyanın regiondakı əvvəlki təsir imkanlarını müəyyən dərəcədə zəiflədib, Yaxın Şərqdə artan gərginlik isə Cənubi Qafqazın təhlükəsizlik mühitinə əlavə risklər gətirib. Belə bir şəraitdə Avropa İttifaqı regionda daha fəal siyasi mövqe nümayiş etdirməyə çalışır.

Burada bir məqamı dəqiqləşdirmək vacibdir. Avropa İttifaqı klassik hərbi alyans deyil və onun təhlükəsizlik siyasəti NATO ilə müqayisədə fərqli xarakter daşıyır. Aİ-nin hərbi imkanları məhduddur və təşkilat daha çox siyasi, iqtisadi və diplomatik alətlərdən istifadə etməyə üstünlük verir. Təşkilat geniş iqtisadi resurslara, diplomatik təsir imkanlarına və institusional əməkdaşlıq mexanizmlərinə malikdir. Cənubi Qafqazda müxtəlif monitorinq missiyalarının yaradılması, siyasi dialoq təşəbbüsləri və iqtisadi əməkdaşlıq proqramları da bu strategiyanın elementləri kimi qiymətləndirilə bilər.

Avropa Siyasi Birliyi və Azərbaycanın yeni statusu

Antonio Koştanın bəyanatında diqqətçəkən digər mühüm məqamlardan biri Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı gözləntini ifadə etməsi oldu. Siyasi analitik baxış göstərir ki, bu cür platformalara ev sahibliyi etmək, əslində, dövlətlərin beynəlxalq sistemdəki statusu ilə birbaşa bağlıdır.

Avropa Siyasi Birliyi son illər Avropa qitəsində formalaşan yeni siyasi dialoq platformasıdır. Formatın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız Avropa İttifaqının üzv dövlətləri deyil, həm də İttifaqa daxil olmayan, lakin Avropa siyasi məkanında mühüm rol oynayan ölkələr iştirak edir. Başqa sözlə, bu platforma Avropanın klassik institusional çərçivəsindən bir qədər kənarda, daha geniş siyasi dialoq məkanı yaratmaq məqsədi daşıyır. Belə bir zirvə görüşünün Azərbaycanda keçirilməsi Azərbaycanın Avropa siyasi məkanında artan diplomatik rolunun göstəricisi kimi də qiymətləndirilə bilər. Çünki beynəlxalq praktika göstərir ki, böyük regional və qlobal toplantıların keçirildiyi ölkələr adətən həmin siyasi məkanın mühüm aktorları kimi qəbul olunur.

Maraqlıdır ki, Azərbaycan Avropa siyasi arxitekturasında hansı mövqeyə doğru hərəkət edir? Azərbaycan indiyədək Avropa İttifaqına üzvlük perspektivini rəsmi şəkildə gündəmə gətirməyib və xarici siyasətini bu istiqamətdə qurmayıb. Eyni zamanda, ölkə özünü yalnız regional çərçivədə fəaliyyət göstərən aktor kimi də məhdudlaşdırmır.

Əslində, Azərbaycanın xarici siyasət strategiyası daha çox çoxtərəfli və balanslaşdırılmış diplomatiya modelinə əsaslanır. Belə bir siyasət çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə enerji, iqtisadiyyat və siyasi dialoq sahələrində əməkdaşlığı inkişaf etdirir. Eyni zamanda, Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini gücləndirir, Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirir və regional nəqliyyat layihələrində fəal iştirak edir. Cənubi Qafqazın mərkəzində yerləşən ölkə həm Avropa, həm Asiya, həm də Yaxın Şərq regionları ilə əlaqə nöqtəsində yerləşir. Belə bir coğrafi və geosiyasi mövqe isə xarici siyasətdə elastik və balanslaşdırılmış strategiya tələb edir. Məhz bu baxımdan Avropa Siyasi Birliyi kimi platformalarda Azərbaycanın fəal iştirakı ölkənin Avropa siyasi məkanında rolunun genişləndiyini göstərir. Azərbaycan burada daha çox körpü rolunu oynayan regional aktor kimi çıxış edir.

Qlobal nizamsızlıq dövründə yeni tərəfdaşlıq formulu

Antonio Koştanın çıxışında vacib məqamlardan biri də qlobal sabitsizlik fonunda tərəfdaşlığın gücləndirilməsinin vacibliyinə xüsusi vurğu etməsi idi. Qeyd etməliyik ki, dünya siyasəti artıq əvvəlki kimi sabit bloklar üzərində qurulan sistem deyil. “Soyuq müharibə” dövründə beynəlxalq münasibətlər əsasən iki böyük güc mərkəzinin – Şərq və Qərb bloklarının qarşıdurması çərçivəsində formalaşırdı. Müttəfiqliklər daha sabit, geosiyasi sərhədlər isə daha aydın idi.

Bugünkü reallıq isə fərqlidir. Beynəlxalq sistem getdikcə daha çoxqütblü və rəqabətli xarakter alır. ABŞ, Avropa İttifaqı, Çin, Rusiya və digər güc mərkəzləri arasında siyasi, iqtisadi və texnoloji rəqabət genişlənir. Mövcud proses qlobal siyasətdə yeni balans axtarışlarını gündəmə gətirir. Belə bir mühitdə regional təsir imkanlarına malik dövlətlər – yəni orta güclər – daha böyük rol oynamağa başlayır. Belə dövlətlər müxtəlif geosiyasi mərkəzlər arasında əməkdaşlıq körpüləri yarada bilir və bəzən rəqabət edən tərəflər arasında balanslaşdırıcı aktor kimi çıxış edirlər. Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət də məhz bu kontekstdə qiymətləndirilir. Enerji diplomatiyası, nəqliyyat layihələri, regional təhlükəsizlik təşəbbüsləri və müxtəlif beynəlxalq platformalarda fəal iştirak ölkənin geosiyasi rolunu genişləndirir.

Son olaraq qeyd edək ki, Cənubi Qafqaz Avrasiya məkanında iqtisadi və siyasi əlaqələrin formalaşdığı mühüm strateji zona kimi görünməyə başlayır. Vacib transformasiyanın mərkəzində dayanan əsas aktorlardan biri məhz Azərbaycandır. Regionun enerji xəritəsində, nəqliyyat marşrutlarında və diplomatik dialoq platformalarında oynadığı rol göstərir ki, Azərbaycan tədricən yeni formalaşan Avrasiya geosiyasətinin mühüm iştirakçılarından birinə çevrilir.

Şəbnəm ZEYNALOVA ,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
58
xalqqazeti.az

1Mənbələr