AZ

Qızılın qiyməti yenidən yüksələcəkmi? - AÇIQLAMA

Son günlər bazarda qızılın qiyməti ilə bağlı müxtəlif fikirlər səslənir və bəzən ucuzlaşma ilə bağlı iddialar gündəmə gətirilir. Lakin birja göstəricilərinə və mövcud bazar dinamikasına baxdıqda vəziyyətin bir qədər fərqli olduğu görünür.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Missiya.Az-a açıqlamasında bildirib ki, hazırda qızılın qiymətində kəskin eniş müşahidə olunmur:"Birjada sadəcə gündəlik hərəkətlilik var: bəzi günlər qiymət təxminən 1% yüksəlir, bəzi günlər isə eyni səviyyədə enir. Bu dəyişikliklər əsasən bazara daxil olan xəbərlərin təsiri ilə baş verir",-iqtisadçı bildirib.

Xalid Kərimlinin sözlərinə görə, təxminən bir ay – bir ay yarım əvvəl qızılın qiymətində müəyyən eniş olmuş və unsiyanın dəyəri 4600–4700 dollar səviyyəsinə qədər düşmüşdü. Lakin bundan sonra qiymətlər sabitləşərək tədricən yenidən artmağa başlayıb və hazırda təxminən 5150–5200 dollar ətrafında ticarət olunur. Ümumilikdə qızıl bazarı qlobal gərginliklərə və risk faktorlarına həssasdır. Müharibələrin genişlənməsi ehtimalı, geosiyasi risklər və sanksiyalar kimi amillər qızılın qiymətinə birbaşa təsir göstərir. Buna görə də gündəlik birja xəbərləri fonunda qiymətlərdə müəyyən artım və ya azalmalar müşahidə oluna bilər.

"Hazırkı mərhələdə qızılın ucuzlaşması ilə bağlı ciddi tendensiya yoxdur. Bu səbəbdən “qızıl ucuzlaşır” kimi başlıqlardan istifadə etmək düzgün olmaz. Əksinə, fundamental gözləntilər göstərir ki, qızılın qiymətinin aşağı düşəcəyinə dair ciddi proqnozlar yoxdur.

Bir çox analitiklərin proqnozlarına görə, qızılın qiyməti bu il ərzində 5500–6000 dollar səviyyəsinə qədər yüksələ bilər və hələlik bu proqnozları aşağı salan ciddi dəyişiklik müşahidə edilmir",-X.Kərimli əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr