İngiltrənin “Tottenhem” komandasının hücumçusu Matis Tel “mahmızlar”ın keçmiş baş məşqçisi Tomas Frankı tənqid edib.
Arena.az 20 yaşlı fransalı mərkəz hücumçunun 52 yaşlı danimarkalı mütəxəssis haqqındakı müvafiq fikrini təqdim edir:
“Tomasla, komandadakı roluma dair fikir ayrılıqlarım vardı və bu, ona xoş gəlmirdi. Amma o, vəziyyəti təshih etmək üçün hətta cəhd belə, etmirdi. Ehtiyat oyunçular skamyasında tez-tez oturmağımın səbəbini analmırdım”, deyə Matis Tel ürəyini boşaldıb.
Xatırladaq ki, Tomas Frank 2025-ci ilin iyulundan “Tottenhem”ə rəhbərlik edirdi. London təmsilçisi onun rəhbərliyi altında 38 oyun keçirib. Komanda bu görüşlərdə 13 qələbə, 10 heç-heçə, 15 məğlubiyyət görüb. O, bu ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.
Cari mövsümdə bərbad nəticələri ilə gündəmdə olan “Tottenhem” Tomas Frankı İqor Tudorla əvəz edib. Amma Tudorun gəlişindən sonra da komanda özünə gələ bilmir. London təmsilçisi hazırda 29 oyuna topladığı 29 xalla Premyer Liqanın yarış cədvəlində 16-cı pillədə qərarlaşıb.
