AZ

Pezeşkian Trampa 3 sensasiyalı şərt oxudu...



Məhəmməd Əsədullazadə: "İndiki şəraitdə İran prezidentinin irəli sürdüyü şərtlərin ABŞ tərəfindən qəbul edilməsi mümkun görünmür"

Məsud Pezeşkian tərəfindən səsləndirilən mövqe göstərir ki, İran münaqişənin dayandırılması üçün bir sıra siyasi və hüquqi şərtlərin yerinə yetirilməsini vacib hesab edir. Prezidentin fikirlərindən aydın olur ki, Tehran yalnız hərbi əməliyyatların dayandırılması ilə kifayətlənmək istəmir, həm də münaqişədən sonrakı dövrdə öz təhlükəsizliyinin və hüquqlarının təmin olunmasını əsas prioritet kimi görür. Bu yanaşma beynəlxalq münasibətlərdə tez-tez müşahidə olunan strategiyalardan biridir və adətən tərəflərin danışıqlar prosesində daha güclü mövqe tutmaq cəhdi kimi qiymətləndirilir.

Politoloq Məhəmməd Əsədullazadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, İranın qanuni hüquqlarının tanınması məsələsi diplomatik baxımdan müəyyən qədər real görünür. Onun fikrincə, müharibə və ya gərgin siyasi qarşıdurmalar zamanı tərəflər çox vaxt danışıqlar masasında bir-birinin təhlükəsizlik narahatlıqlarını və bəzi hüquqi mövqelərini qəbul etməyə məcbur qalırlar. "Bu cür razılaşmalar adətən kompromislər əsasında formalaşır və tərəflərin müəyyən güzəştlərə getməsi ilə nəticələnir. Ona görə də bu tələb digər şərtlərlə müqayisədə daha mümkün hesab edilə bilər. Amma indiki şəraitdə İran prezidentinin irəli sürdüyü şərtlərin ABŞ tərəfindən qəbul edilməsi mümkun görünmür.

Ekspertin fikrincə, müharibə nəticəsində vurulan ziyana görə təzminat ödənilməsi daha mürəkkəb və siyasi baxımdan həssas məsələdir: "Tarixdə bəzi münaqişələrdən sonra kompensasiyaların ödənilməsi halları olsa da, bu, əsasən müharibənin nəticəsi aydın olduqda və beynəlxalq razılaşma əldə edildikdə mümkün olur. Müasir geopolitik mühitdə isə belə qərarların qəbul edilməsi çox çətin proses sayılır, çünki tərəflər adətən məsuliyyəti üzərlərinə götürməkdən çəkinirlər.

Beynəlxalq təhlükəsizlik zəmanətləri də nəzəri olaraq mümkün mexanizm hesab olunur. Belə zəmanətlər bəzən böyük dövlətlərin və ya beynəlxalq təşkilatların vasitəçiliyi ilə təqdim olunur və münaqişədən sonrakı sabitliyin qorunmasına xidmət edir. Lakin praktikada bu cür təminatların effektivliyi hər zaman eyni olmur. Onların işlək olması üçün tərəflər arasında güclü siyasi razılaşma və beynəlxalq aktorların davamlı iştirakı tələb olunur.

Ümumilikdə, irəli sürülən şərtlər siyasi və diplomatik baxımdan məntiqli görünür, lakin onların tam şəkildə və eyni vaxtda həyata keçirilməsi real siyasətdə olduqca çətin hesab olunur. Adətən belə hallarda tərəflər ilkin olaraq maksimal tələblər irəli sürür, danışıqlar prosesində isə bu mövqelər tədricən yumşalır və nəticədə daha məhdud, kompromis xarakterli razılaşma əldə edilir. Bu baxımdan İran prezidentinin səsləndirdiyi şərtlər həm danışıqlar strategiyasının bir hissəsi, həm də ölkənin təhlükəsizlik və siyasi maraqlarını qorumağa yönəlmiş mövqe kimi qiymətləndirilə bilər".

Akif NƏSİRLİ

Seçilən
26
baki-xeber.com

1Mənbələr