Yeni Klinikada Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in dəstəyi, Pasiyent Təşkilatları İttifaqının (PTİ) təşkilatçılığı ilə "Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair" mövzusunda elmi konfrans təşkil olunub.
Bu barədə "Far.Az"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, konfransın əsas məqsədi pasiyent təhlükəsizliyinin təmin olunması, müasir müalicə metodlarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin müxtəlif ixtisas sahələri üzrə mütəxəssislər arasında elmi bilik və təcrübə mübadiləsinin təşviq edilməsi olub.
Çıxışlarda ölkədə səhiyyə sisteminin inkişafında pasiyent təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir diaqnostika və müalicə üsullarının tətbiqi, eləcə də pasiyent məmnuniyyətinin yüksəldilməsi səhiyyə siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Səhiyyə müəssisələrində təhlükəsizlik standartlarının gücləndirilməsi, tibbi personalın davamlı təlim və peşəkar inkişafının təmin olunması, eləcə də multidissiplinar yanaşmanın tətbiqinin pasiyentlərin daha təhlükəsiz və effektiv müalicəsinə imkan yaratdığını qeyd ediblər. Həmçinin səhiyyə sahəsində dövlət qurumları, tibb müəssisələri, pasiyent təşkilatları və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İki gün davam edən konfrans çərçivəsində səhiyyənin müxtəlif sahələrini əhatə edən panel sessiyaları təşkil olunub. Panel müzakirələrində terapiya, nevrologiya, nefrologiya, hematologiya, revmatologiya, laboratoriya işi, endokrinologiya və pediatriya sahələri üzrə aktual mövzulara toxunulub, müasir diaqnostika və müalicə yanaşmaları təqdim edilib.
Sessiyalar zamanı pasiyent təhlükəsizliyinin artırılması, klinik qərarların qəbulunda sübutlara əsaslanan tibbin rolu, xəstəliklərin erkən diaqnostikası, multidisiplinar yanaşmanın əhəmiyyəti, həmçinin klinik praktikada innovativ texnologiyaların tətbiqi kimi mövzular geniş müzakirə olunub. Mütəxəssislər tərəfindən təqdim olunan məruzələr və klinik təcrübəyə əsaslanan çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
İnteraktiv formada baş tutan konfrans zamanı iştirakçılar arasında geniş müzakirələr aparılıb, mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib və qarşılıqlı təcrübə paylaşımı üçün faydalı platforma formalaşıb.