AZ

Magistratura imtahanında ölkə ikincisi: “Zəhmət mütləq qarşılığını verir”

Ötən gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

İmtahandan yüksək bal toplayanlar arasında ölkə üzrə ikinci nəticəni Zahid Abdullayev göstərib. Belə ki, o, magistraturaya qəbul imtahanında açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə 100 baldan 91 bal, esse üzrə isə 4,5 bal toplayaraq ümumilikdə 95,5 bal əldə edib.

AzEdu.az Zahid Abdullayevlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

O bildirib ki, nəticə ilə bağlı gözləntiləri doğrulub:

“Qapalı testlərin cavabları açıqlandıqdan sonra nəticəm haqqında artıq müəyyən təsəvvürüm yaranmışdı və gözləntilərimin doğrulması məni çox sevindirdi. Uzun müddət çəkdiyim zəhmətin bəhrəsini görmək mənim üçün böyük motivasiya və qürur mənbəyidir. Bu nəticə göstərdi ki, insan qarşısına məqsəd qoyub səylə çalışarsa, zəhməti mütləq qarşılığını verir.

Bununla belə, əldə etdiyim uğuru son dayanacaq kimi deyil, yeni başlanğıc kimi görürəm. Qarşıda məni gözləyən daha böyük hədəflər var və mən bu hədəflərə çatmaq üçün əzmlə çalışmağa davam edəcəyəm. Hazırda təhsillə bağlı qarşıma çıxan bütün imkanları dəyərləndirməyə, bilik və bacarıqlarımı daha da inkişaf etdirməyə çalışıram.

Mənim ən böyük arzum gələcəkdə yüksək ixtisaslı və qabaqcıl mühəndis olmaqdır. Əldə etdiyim bilik və təcrübə ilə ölkəmizin inkişafına töhfə vermək, vətənimə faydalı bir mütəxəssis kimi xidmət etmək istəyirəm. İnanıram ki, davamlı zəhmət, öyrənmək həvəsi və məqsədə doğru inamla irəliləmək insanı arzuladığı zirvəyə aparır.

Sonuncu kurs biz tələbələrin kifayət qədər ciddi qərarlar verdiyi və müxtəlif məsuliyyətləri birgə idarə etdiyi ildir. Yüksək bal toplayaraq hədəflədikləri ixtisasa daxil olmaq istəyən yoldaşlarıma tövsiyəm odur ki, ümumilikdə universitet illərini səmərəli keçirsinlər və inkişaflarına vaxt ayırsınlar. Sonuncu kursda bu, onlara uğur qazanmaqda çox kömək edəcək".

Seçilən
24
azedu.az

1Mənbələr