Son illər ölkədə aktual olan problemlərdən biri də doğulan uşaqların sayında azalmadır.
Parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bu məsələyə toxunaraq bildirib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.
Ə.Əhmədov əlavə edib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5–1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq.
Qeyd edək ki, ölkədə uşaqların doğum sayında azalmanın səbəbləri müxtəlif amillərlə izah edilir. Belə ki, sosial problemlər, o cümlədən, “uşaqpulu”, övlad dünyaya gəlməsində çəkilən xərclər, eləcə də müasir həyat tərzi də bu amillər sırasında yer alır.
“Uşaqpulu”nun verilməsi, valideynlərin maddi vəziyyətinin yaxşılaşdırılması uşaq sayının artımına gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda doğuş səviyyəsinin azalması yalnız bir neçə səbəbə bağlı məsələ deyil:

“Bu, həm sosial-iqtisadi amillərlə, həm də cəmiyyətdə dəyişən həyat tərzi ilə bağlıdır. Gənc ailələr bu gün daha çox mənzil problemi, uşaq böyütməyin artan xərcləri, təhsil və tibbi xidmətlərin yükü kimi məsələləri nəzərə alır.
Eyni zamanda urbanizasiya, karyera prioritetləri və ailə planlamasına münasibətin dəyişməsi də doğuş səviyyəsinə təsir göstərir. Təbii ki, dövlətin sosial dəstək mexanizmləri bu məsələdə mühüm rol oynamaq gücündədir.
Bir çox ölkələrin təcrübəsi göstərir ki, uşaq pulu, gənc ailələr üçün mənzil proqramları, analıq məzuniyyəti və ailə gəlirlərinin artması kimi addımlar müəyyən dərəcədə doğuş səviyyəsinə müsbət təsir edir.
Lakin təkcə maliyyə dəstəyi ilə problemi tam həll etmək mümkün deyil olmur. Burada ailə institutunun gücləndirilməsi, sosial sabitlik və gələcək təminat hissi də böyük rol oynayır. Tunelin sonunda parlaq işıq görünməlidir”.
Millət vəkili hesab edir ki, Azərbaycanda da demoqrafik siyasət kompleks şəkildə düşünülməlidir:
““Uşaqpulu”nun tətbiqi, gənc ailələrin sosial təminatının yaxşılaşdırılması və valideynlərin gəlirlərinin artması müəyyən stimul yarada bilər.
Amma paralel olaraq gənclərin mənzil imkanlarının genişləndirilməsi, uşaq baxımı və təhsil xərclərinin azaldılması kimi addımlar da vacibdir ki, ailələr daha çox uşaq sahibi olmağa sosial və iqtisadi baxımdan özlərini hazır hiss etsinlər”.