AZ

“Charles de Gaulle” aviadaşıyıcısının saxlanması Fransaya neçəyə başa gəlir?

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paris, 13 mart, AZƏRTAC

“Charles-de-Gaulle” aviadaşıyıcısı Fransanın hərbi dəniz qüvvələrinin gücünü simvolizə edən əsas strateji vasitələrdən biridir. Dənizdə həyata keçirilən əməliyyatlar, müşayiət missiyaları və gəmidə yerləşən aviasiya qüvvələri onun istismarını və saxlanmasını həm maliyyə, həm də strateji baxımdan əhəmiyyətli edir.

AZƏRTAC xəbər verir ki, hazırda Aralıq dənizində müdafiə xarakterli missiya üçün yerləşdirilən aviadaşıyıcı Fransanın dənizlərdə hərbi mövcudluğunu qorumaq istəyinin göstəricisi kimi qiymətləndirilir.

“Ouest-France” qəzetinin məlumatına görə, dünyada bu tip gəmilərə sahib ölkələrin sayı çox azdır. Fransadan başqa yalnız Amerika Birləşmiş Ştatları 11 aviadaşıyıcıya malikdir, Çin isə yalnız 1 belə gəmidən istifadə edir.

Üzən hava bazası

Aviadaşıyıcılar uzaq əməliyyat zonalarına qırıcı təyyarələr göndərməyə imkan verir. Bu gəmilərdə təyyarələrin havaya qalxması üçün katapult sistemləri, enişi üçün isə xüsusi platformalar mövcuddur. Bu xüsusiyyətlər onları vertikal qalxışlı təyyarə və ya helikopter daşıyan gəmilərdən fərqləndirir. Belə gəmilər daha güclü olsa da, onların saxlanması da xeyli vəsait tələb edir.

Məlumata görə, Fransanın “Charles-de-Gaulle” aviadaşıyıcısının fəaliyyəti və istismar xərcləri üçün ildə təxminən 100 milyon avro vəsait ayrılır. Bu məbləğə böyük texniki təmir və planlaşdırılmış texniki dayanma xərcləri daxil deyil.

Strateji donanmanın mərkəzi

Aviadaşıyıcı heç vaxt tək hərəkət etmir. Təhlükəsizliyini və muxtariyyətini təmin etmək üçün onu freqatlar, nüvə sualtı qayığı və yanacaq-təchizat gəmisi müşayiət edir. Bu barədə Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun elmi işçisi Jan-Klod Allar bildirib. Onun sözlərinə görə, bu, 5 gəminin və eyni sayda ekipajın maliyyələşdirilməsi deməkdir.

Aviadaşıyıcının göyərtəsində 40-a qədər uçuş aparatı yerləşdirilə bilər. Onların arasında “Dassault Rafale” qırıcıları, komanda-idarəetmə və kəşfiyyat təyyarələri də var. Bu təyyarələr hava müdafiəsi, hərbi gücün uzaq regionlara çatdırılması və nüvə arsenalının daşınması baxımından mühüm rol oynayır.

Missiyadan asılı olaraq aviasiya qrupunun tərkibi dəyişə bilər. Lakin onların fəaliyyəti də aviadaşıyıcının əməliyyat xərclərinin mühüm hissəsini təşkil edir.

Ümumilikdə, yüksək illik xərclərə, müşayiət və texniki xidmət ehtiyacına baxmayaraq, “Charles de Gaulle” aviadaşıyıcısı Fransanın dünya okeanlarında hərbi gücünü nümayiş etdirməyə imkan verən unikal vasitə olaraq qalır. Onun mövcudluğu ölkənin beynəlxalq nüfuzu və diplomatik təsiri üçün də mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azertag.az

2Mənbələr