AZ

"Çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib" - DEPUTAT DANIŞDI

"Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu siyasətin əsas məqsədi - müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir: "Ölkəmiz çoxtərəflilikdən yerində yararlanıb və burada öz milli gündəliyini uğurla aparıb. Məsələn, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına (NAM) sədrliyimiz zamanı İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bu platforma tərəfindən yekdilliklə dəstəklənib.

Üzv ölkələr müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Frankafoniya təşkilatı çərçivəsində Azərbaycan əleyhinə qətnamələri bloklayaraq Azərbaycana dost münasibəti nümayiş etdiriblər. Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, mina terrorunun pislənməsi və Xocalı soyqırımının tanınmasında bir sıra Qlobal Cənub ölkələri və NAM fəal iştirak edib.

Azərbaycan COVİD-19 pandemiyası zamanı peyvənd millətçiliyini pisləyib, həmçinin NAM ölkələrinə dəstək göstərib.
"Çoxvektorlu xarici siyasət" anlayışı Azərbaycan diplomatiyasının əsas dayaqlarından biridir. Ölkəmiz geosiyasi rəqabət meydanında zaman-zaman körpü rolunu da oynayır. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın və onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərdə böyük rolu var.

Azərbaycanın xarici siyasəti bloklara qoşulmama, amma hamı ilə işləmə prinsipinə əsaslanır. Bu siyasət sabitlik və etibarlılıq üzərində qurulub. Nəticədə, Azərbaycan multi-regional diplomatiyanın əsas aktorlarından birinə çevrilib və Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində aparıcı rol oynayır. Son onillikdə aparılan uğurlu iqtisadi diplomatiya ölkəmizin xarici siyasətinin mühüm istiqamətinə çevrilib. Azərbaycan enerji, nəqliyyat və logistika layihələri (Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və s.) vasitəsilə Avropanı Asiya ilə birləşdirən strateji mərkəzə çevrilib. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi liderlik deməkdir - Azərbaycan regionda sabitlik, əlaqələndirmə və əməkdaşlıq platforması kimi çıxış edir.

Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib və “orta güc” olan ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb.

Lakin beynəlxalq hüquq artıq əvvəlki kimi qüvvədə deyil və bir çox ölkələr ona məhəl qoymur. Beləliklə, yeni dünya nizamının və ya dövlətlərarası münasibətlərin yeni sisteminin formalaşması artıq qaçılmaz idi.

Getdikcə daha çox ölkə anlayır ki, dövlətlərarası münasibətlərə, təhlükəsizlik məsələlərinə və beynəlxalq institutların fəaliyyətinə yanaşmanı yenidən nəzərdən keçirmək lazımdır. BMT iflic vəziyyətindədir və heç bir məsələyə təsir göstərə bilmir. Alternativ kimi yaranan Sülh Şurası müəyyən məsələlərdə rol oynayıb. Çoxtərəfli əməkdaşlıq üçün yeni yollara ehtiyac var. Yeni dünya nizamı beynəlxalq hüquqa əsaslanan, sivil dünya üçün yeni münasibətlər mexanizmləri yaratmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
7
1
sia.az

2Mənbələr