Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 13 mart, AZƏRTAC
Geosiyasi risklərin artması enerji daşıyıcılarının qiymətlərində ciddi dəyişikliklərə səbəb ola bilər və bu da enerji ixrac edən ölkələrin büdcə siyasətinə və iqtisadi strategiyasına birbaşa təsir göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qiymət dəyişiklikləri iki istiqamətdə – həm artım, həm də azalma şəklində baş verə bilər.
Onun sözlərinə görə, bu dəyişikliklər bəzən çox qısa müddətdə də müşahidə olunur.
“Bir neçə gün əvvəl səhər saatlarında neftin qiyməti təxminən 30 faiz artmışdı. Gün ərzində isə bazarda korreksiya baş verdi və axşam saatlarında qiymətlər 6 faiz ucuzlaşma ilə yekunlaşdı. Bu kimi dalğalanmalar göstərir ki, enerji bazarı geosiyasi hadisələrə çox həssasdır. Neftin illik orta qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına təxminən 2,2 milyard manat əlavə profisit gətirir. Bu isə o deməkdir ki, neftin illik orta qiyməti 10 dollar daha yüksək olduqda ölkəyə əlavə maliyyə vəsaiti daxil olur. Bu vəsaitin təxminən 1,8 milyard manatı Dövlət Neft Fonduna, 400 milyon manatı isə dövlət büdcəsinə yönəlir. Ümumilikdə enerji daşıyıcılarının qiymətinin yüksək olması enerji ixrac edən ölkələrə daha çox maliyyə resursunun daxil olmasına səbəb olur”, – deyə ekspert bildirib.
Xalid Kərimlinin sözlərinə görə, bu vəsaitlərin bir hissəsi fondlarda toplanır və növbəti illərdə büdcə xərclərinin, xüsusilə investisiya xərclərinin artırılmasına imkan yaradır. Bu isə maliyyə sabitliyinin möhkəmlənməsinə və milli valyutanın sabitliyinə müsbət təsir göstərir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.