AZ

Bakıda sənədsiz evlərlə bağlı yeni qərar: Kimlər sənəd ala biləcək?

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda sovet dövründən qalan 9 mərtəbəli bəzi binalar artıq istifadəyə yararsız hesab olunur. Eyni zamanda, paytaxtda hələ də yüzminlərlə sənədsiz ev var. Lakin deyəsən bu sahədə real irəliləyiş gözlənilir.

Belə ki, 2000-ci illərdən sonra tikilmiş bəzi evlərin sənədləşdirilməsi üçün prosedurlar müəyyən edilib. Bu qərar hansı evləri əhatə edəcək və sənədlərin verilməsi şərtləri necə olacaq? Sənədsiz evlərin sahibləri üçün dövlət tərəfindən hansı dəstək və güzəştlər nəzərdə tutulur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov xatırladıb ki, bu problemin həlli ilə bağlı 2023-cü ilin 30 yanvar tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Ədliyyə Nazirliyi birlikdə brifinq keçirib. Həmin brifinqdə elan olunub ki, gələcəkdə vahid sayt üzərindən bütün daşınmaz əmlak əməliyyatlarını həyata keçirmək mümkün olacaq.

Onun sözlərinə görə, qanunsuz tikililərin qeydiyyata alınması ilə bağlı da həmin portal vasitəsilə müraciət etmək mümkün olacaq.

Lakin ekspert hesab edir ki, bununla bağlı ölkədə hələ də hüquqi-normativ baza tam formalaşmayıb:

“Hüquqi-normativ baza olmadığı üçün heç bir sənədi olmayan, qanunsuz tikililərin qeydiyyata alınması mümkün deyil. Həmin vaxtdan bu günə qədər yalnız müvafiq siyahıda dəyişikliklər edilib və siyahı genişləndirilib. Nəticədə vaxtilə verilmiş sərəncamlar və digər ilkin hüquqi sənədlər əsasında hüquqların tanınması istiqamətində müəyyən addımlar atmaq mümkün olub.

2024-cü ilin oktyabr ayında ölkədə torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı yeni fərman da imzalanıb. Bu fərman gələcəkdə torpaq təyinatının dəyişdirilməsi sahəsində mövcud boşluqların aradan qaldırılması üçün hüquqi əsas yaradıb”.

Ekspertin sözlərinə görə, qanunsuz tikililərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir: “Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılması və həmin ərazilərin yaşayış zonasına çevrilməsi üçün hüquqi əsas yoxdur. Bununla belə, hər 5 ildən bir ərazi planlaşdırılmasına yenidən baxılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, vətəndaşların kütləvi müraciətlərini nəzərə alaraq Tikinti və Şəhərsalma Komitəsi həmin ərazilərdə torpaq təyinatının dəyişdirilməsi ilə bağlı işlər aparmalıdır”.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
azpolitika.info

1Mənbələr