Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu il 5 mart tarixi təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara həkk olundu. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirildi. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu.
"Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda silsilə yarışlar, turnirlər, çempionatlar keçirilməkdədir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 11-dən daha bir çempionata start verilib. Yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyi pəhləvanlar yurdu Qazaxda keçirilir. 2026-cı ilin İdman Paytaxtı martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin əzmkar və maraqlı mübarizəsinə şahidlik edəcək. Ölkə birinciliyi üçün respublikamızın bölgələrindən 620 nəfər idmançı Qazax rayonuna səfər edərək çempionata qatılıb. U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparır.
Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub. Martın 11-də Qazax Olimpiya İdman Kompleksində ölkə birinciliyinin təntənəli açılış mərasimi keçirilib.
Bu gün, martın 12-də ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançılar təltif ediliblər. Qalib idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qalib adını qazanmış güləşçiləri təbrik edib, səmimi ürək sözlərini səsləndiriblər. Medal, diplom və hədiyyələri qaliblərə təqdim ediblər.
Poliqon.info