AZ

ŞOK: Vens Trampın İran zərbələrinə qarşı çıxıb

ABŞ vitse-prezidenti Cey Di Vens Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarı ərəfəsində Ağ Ev daxilində bu addıma skeptik yanaşan əsas fiqurlardan biri olub.

Musavat.com xəbər verir ki, bununla bağlı “Politico” saytında maraqlı məlumat yayılıb.

Saytın Tramp administrasiyasının iki yüksək vəzifəlisinin söylədiklərinə əsasən verdiyi məlumata görə, Vens ABŞ-nin İrana qarşı hərbi zərbələr endirməsi ideyasına ehtiyatla yanaşdığını və əməliyyatın uğuruna dair narahatlığını gizlətməyib.

Mənbələrdən biri bildirib ki, vitse-prezident əvvəldən “skeptik davranıb”, əməliyyatın nəticələri ilə bağlı narahatlıq keçirib və ümumilikdə İranla müharibəyə qarşı çıxıb. Bununla belə, qərar qəbul edildikdən sonra Vens administrasiyanın mövqeyini açıq şəkildə müdafiə edib.

Digər yüksək vəzifəli rəsmi isə qeyd edib ki, vitse-prezidentin rolu prezidentə müxtəlif baxışları təqdim etməkdir. Onun sözlərinə görə, qərar qəbul edildikdən sonra Vens administrasiyanın ümumi xəttini dəstəkləyir.

Cey Di Vensin ABŞ-nin xarici hərbi müdaxilələrinə skeptik münasibəti uzun illərdir məlumdur və bu mövqe onun İraqda ABŞ dəniz piyadaları sıralarında xidmət etdiyi dövrdə formalaşıb. Bu, Vensin Trampın hərbi qərarları ilə bağlı ehtiyatlı mövqe tutduğu ilk hal deyil. Məsələn, ötən il ABŞ Yəməndə husilərə qarşı zərbələr endirdikdə o, administrasiya daxilində yazışmada bu addımı “səhv” adlandırmışdı.

Bəzi müşahidəçilər Tramp və Vens arasında İran məsələsində fikir ayrılığı olduğunu ehtimal etsələr də, prezident özü bu fərqi ciddi problem kimi qiymətləndirməyib.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vens onunla “fəlsəfi baxımdan bir qədər fərqli mövqedə” olsa da, qərarın qəbulundan sonra əməliyyatı dəstəkləyib.

Ağ Ev isə prezidentlə vitse-prezident arasında fikir ayrılığı barədə iddiaların şişirdildiyini bildirir. Administrasiya rəsmiləri qeyd edirlər ki, Donald Tramp milli təhlükəsizlik komandasında müxtəlif mövqeləri dinlədikdən sonra qərar qəbul edir və Vens bu komandada mühüm rol oynayır.

Bununla yanaşı, Vens son aylarda ABŞ-nin xaricdə uzunmüddətli hərbi münaqişələrə cəlb olunmasının risklərinə dəfələrlə diqqət çəkib və İranla müharibənin ölkə üçün baha başa gələ biləcəyini vurğulayıb.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr