Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Cəbrayıl, 13 mart, AZƏRTAC
Cəbrayıl rayonunun Horovlu kəndində Novruz şənliyi keçiriləcək.
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir çərçivəsində Səməni festivalı, sərgi-satış yarmarkası, milli adət-ənənələri əks etdirən təqdimatlar, Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar təqdim olunacaq. Tədbirdə müğənnilərin, aşıqların, xor kollektivlərinin və rəqs qruplarının iştirakı ilə konsert proqramı nəzərdə tutulub. Uşaqlar üçün xüsusi zonada kukla teatrı, interaktiv oyunlar və viktorinalar keçiriləcək. Festival zamanı ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass, həmçinin sacda lavaş, fəsəli və kətə bişiriləcək.
Novruz festivalı Şərqi Zəngəzurun zəngin mədəni irsinin və bölgənin turizm potensialının tanıdılması məqsədi daşıyır. Bayram tədbirlərində yerli istehsal məhsulları, əl işləri və milli mətbəx nümunələri də nümayiş etdiriləcək. Qeyd edək ki, yenidən qurulmuş Horovlu kəndində uzun illərdən sonra ilk dəfə Novruz tonqalı qalanacaq.
Müxbir-Aydın Yavərzadə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.