AZ

İranla müharibənin ABŞ iqtisadiyyatına hansı təsiri olacaq?


ABŞ-nin İrana qarşı müharibəyə başlamasından iki həftə sonra ölkənin və dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”  iqtisadi artım proqnozunu aşağı salıb və yaxın 12 ay ərzində tənəzzül riskinin 25%-ə yüksəldiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bank analitiklərinin əsas narahatlığı enerji bazarındakı qeyri-müəyyənlikdir.
Müharibə fonunda neft qiymətlərinin kəskin artması gözlənilir. Eyni zamanda risklər təkcə enerji resursları ilə məhdudlaşmır – yarımkeçirici istehsalı üçün vacib olan helium tədarükünün də pozula biləcəyi qeyd olunur.
“Goldman Sachs” iqtisadçıları hesab edir ki, neft qiymətlərinin hər 10% artımı inflyasiyanı təxminən 0,2 faiz bəndi yüksəldir. Bankın proqnozuna görə, mart və aprel aylarında “Brent” markalı xam neftin orta qiyməti 98 dollar olacaq. Bu göstərici 2025-ci ilin orta səviyyəsindən təxminən 40% yüksəkdir.
Artan geosiyasi risklər biznes fəaliyyətinə də təsir edir. Şirkətlərin bir hissəsi kapital qoyuluşlarını təxirə salır, bəziləri isə yeni işçi qəbulunu dayandırır. Bu amilləri nəzərə alan “Goldman Sachs” ilin sonuna qədər ABŞ-də inflyasiyanın 2,9%-ə çatacağını proqnozlaşdırır. Bu göstərici ölkənin Mərkəzi Bankı olan FED-in (Federal Reserve System) 2%-lik hədəfindən xeyli yüksəkdir.
Bununla yanaşı, pul-kredit siyasəti üzrə gözləntilər də dəyişib. Əvvəllər iyun ayı üçün proqnozlaşdırılan ilk faiz endiriminin indi yalnız sentyabrda baş verəcəyi ehtimal edilir. Bank həmçinin işsizlik səviyyəsinin ilin dördüncü rübündə 4,6%-ə qədər yüksələcəyini bildirir.

Elnur Əli
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr