AZ

Aİ:enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır POLİTOLOQ DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatdı. Səfər həm regionda hökm sürən gərgin vəziyyət, həm Ermənistanla sülh prosesi, həm də ümumi mənada bir çox baxımdan diqqət çəkdi”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri idi. Səfər regional xarakter daşımırdı:

”Antonio Koştanın Azərbaycana səfəri Bakı–Brüssel münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Regionda mürəkkəb geosiyasi proseslər davam edir. Xüsusilə ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın cavab zərbələri enerji bazarlarında ciddi qeyri-müəyyənlik yaradıb. Belə bir dövrdə baş tutan bu səfər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji mahiyyətini bir daha ortaya qoydu.

Heç kəsə sirr deyil ki, Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Üstəlik, bu detal konkret rəqəmlərdə də özünü əks etdirir. Prezident İlham Əliyev də mətbuata bəyanatında bu reallığı ifadə etdi. Dövlət başçısı bildirdi ki, bu ilin yanvarında ölkəmizin ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqı (Aİ) ilə bağlı olub. Prezident Avropa İttifaqını Azərbaycan üçün bir nömrəli ticari tərəfdaş adlandırıb. Bu göstərici Bakı ilə Brüssel arasında iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı maraqların güclü olduğunu göstərir.

Enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütunu olaraq qalır. Prezidentin də dediyi kimi, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Bu fakt ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu təsdiqləyir.

Rusiya–Ukrayna müharibəsindən sonra Avropa enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Bu kontekstdə Azərbaycan qazı strateji əhəmiyyət qazanıb. Bunu artıq Avropa tərəfi də açıq şəkildə etiraf edir. Antonio Koşta çıxışı zamanı Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq artıq bir neçə strateji sahəni əhatə edir: “Bugünkü görüş təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir.”

Koşta enerji məsələsinə ayrıca diqqət çəkərək qeyd edib ki, Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır. Bu isə faktiki olaraq Azərbaycanın Avropanın enerji strategiyasının əsas elementlərindən birinə çevrildiyini göstərir.

Antonio Koştanın Bakıya səfəri bir daha sübut etdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq təkcə diplomatik əlaqələr səviyyəsində deyil. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat dəhlizləri və regional sabitlik kimi bir neçə strateji istiqaməti əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud geosiyasi şəraitdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.

Səfərin mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik məsələləri idi. Xüsusilə İranın Naxçıvana endirdiyi zərbə fonunda Bakı ilə Brüssel arasında siyasi dialoq və həmrəylik diqqət çəkdi. Aydın şəkildə hiss olunur ki, Aİ regionda gərginliyin artmasından və bunun Azərbaycana sıçramasından ciddi narahatdır. Təsadüfi deyil ki, Antonio Koşta çıxışında İran tərəfindən Naxçıvan hava limanına edilən hücumu qəti şəkildə pislədi və bu hadisənin regional sabitlik üçün ciddi təhlükə yaratdığını bildirdi.

Digər tərəfdən, diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu hadisəyə münasibətdə nümayiş etdirdiyi təmkinli və ölçülü yanaşma oldu. Prezident İlham Əliyev görüş zamanı regionda təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edərək vurğuladı ki, Azərbaycan gərginliyin daha da artmasında maraqlı deyil və əsas prioritet regional sabitliyin qorunmasıdır. Əslində, bu, Bakının hadisəyə emosional deyil, strateji baxışla yanaşdığını göstərir.

Bakının təmkinli mövqeyi həm də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Çünki Cənubi Qafqazda yeni hərbi eskalasiyanın baş verməsi həm enerji layihələrinə, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarına ciddi risk yarada bilər. Körfəz ölkələrindən sonra Azərbaycanın da prosesdən zərər görməsi dünya bazarında enerji dalğalanmalarını böhran həddinə çatdırması mümkündür.

Antonio Koştanın Bakıya səfəri göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Regional təhlükəsizlik məsələləri də bu tərəfdaşlığın mühüm elementinə çevrilib. İranla bağlı gərginlik fonunda Avropa İttifaqının Bakıya verdiyi siyasi dəstək və Azərbaycanın təmkinli mövqeyi tərəflər arasında strateji koordinasiyanın getdikcə gücləndiyini göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
sia.az

4Mənbələr