AZ

Prezidentin Forumdakı çıxışı baş verən proseslərə dair strateji yanaşmalar ehtiva edir ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərə dair mühüm mesajlar və strateji yanaşmalar ehtiva edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər həm regional, həm də qlobal təhlükəsizlik məsələlərinə Azərbaycanın baxışını aydın şəkildə ortaya qoyur.

Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, bu gün dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələləri dövlətlərin gündəliyində bir nömrəli prioritet olmalıdır. Həqiqətən də müasir geosiyasi reallıqlar göstərir ki, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi məsələlərin dayanıqlı şəkildə həyata keçirilməsi mümkün deyil.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Azərbaycanın təcrübəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz uzun illər işğal şəraitində yaşadıqdan sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə nail olmuşdur. Bu proses beynəlxalq hüququn prinsiplərinə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququna əsaslanaraq həyata keçirilib. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edib, daha sonra isə siyasi yollarla regionda sülh gündəliyinin formalaşmasına nail olub.

“Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də Ermənistanla əldə edilmiş sülhün real nəticələr verməsi ilə bağlı idi. Azərbaycan bu praktik müstəvidə sülhün möhkəmləndirilməsi istiqamətində önəmli addımlar atır. Ermənistanla ticarət əlaqələrinin bərpası, tranzit imkanlarının yaradılması və mühüm enerji məhsullarının təchizatı Azərbaycanın sülhə sadiqliyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin vurğuladığı digər mühüm istiqamət enerji təhlükəsizliyi məsələsidir. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir və qaz ixracının coğrafiyasını genişləndirir. Hazırda 16 ölkənin Azərbaycan qazını boru kəmərləri vasitəsilə alması ölkəmizin Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir.

Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika sahəsində yaratdığı infrastruktur ölkəmizi qlobal tranzit mərkəzlərindən birinə çevirib. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə mühüm və əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Bu dəhlizlər Avrasiya məkanında ticarətin və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Ermənistanla sülh əldə olunduqdan sonra Orta Dəhlizin yeni istiqamətlərinin formalaşdırılması üzərində aparılan işlər isə region üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradır. Bu layihələr Azərbaycan ərazisinin iki hissəsi - əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dayanıqlı bağlantının təmin olunmasına, eyni zamanda, regionda qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edəcək.

“Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün həm regionda, həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə töhfə verən məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış edir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz həm siyasi, həm də iqtisadi baxımdan beynəlxalq sistemdə mühüm mövqe qazanıb”, - deyə Fatma Yıldırım vurğulayıb.

Seçilən
41
2
azertag.az

3Mənbələr