AZ

Gəncədə yeri görünən abidə Rafael Hüseynov yazır

ain.az, 525.az portalına istinadən məlumat verir.

Rafael HÜSEYNOVAkademik

Azərbaycan şeirinin əbədi üfüqlərində bərq vuran, saysız ulduzların sırasında parlayan iki ulduz da var. Birinin işığı çox gur gəlir, ikincisininki nisbətən zəif. O işığı gur gələn ulduz Məhsəti Gəncəvidir, nuru sozalan, görünüb-itənsə Tacəddin Əmir Əhməd. İkinci ulduzun işığının bizə zəif gəlib çatmasının səbəbi heç də Tacəddin Əmir Əhmədin özündə deyildir.

O da zəmanəsinin ən güclü qələm sahiblərindən biri olub, heç istedadca, şairlik gücü baxımından ömür-gün yoldaşı Məhsəti Gəncəvidən də geri qalmayıb. Ancaq bu, tarixdir və onun da öz gizlincləri, öz laübalılıqları var. Bəzən hansısa xəzinələr yüzillər boyu insanlara görünmədən örtülü qalır, hansısa təsadüflə günlərin birində insanlara zühur edəndə bəxtiyarlıq gətirir.

Unudulmuş Tacəddin Əmir Əhməd ədəbiyyatımızın bəxtsiz qələm sahiblərindəndir. Yaşadığı əsrlərdə barmaqla göstərilən, adı iftixarla çəkilən, Sənai kimi bir nəhəngin cavablar yazdığı Tacəddin Əmir Əhməd tarixin kinayəsi ilə sonrakı yüzillərdə yaddaşın arxa qatlarına keçmiş, asta-asta unudulmuşdur. Lakin nə qədər vaxt ötür-ötsün - altun həmişə altunluğunda qalır. Tacəddin Əmir Əhmədi və irsini bürümüş qatı vaxt dumanını qovanda, onu görünməz edən pərdəni çəkəndə sevimli bir yaradıcılıq, onun işığı bütün aydınlığı ilə bugünümüzə də çatır və sabaha çatmaq haqqını da ortaya qoyur.

Əmir Əhmədi şair olaraq səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, o, Azərbaycan ədəbiyyatındakı ilk şəhraşubçu şairlərdəndir. Əmir Əhməd və Məhsətidən əvvəl şəhraşub silsilələrinin ən mükəmməl nümunəsini Məsud Səd Səlman yaratmışdı. Ancaq Məsuddan sonra XII-XV əsrlər arasında yaradılmış şəhraşub silsilələri içərisində Məhsəti ilə Əmir Əhmədinkilər ən kamilləridir. Məsud Səd Səlmanda olan kimi, onlarda da rübailərdir və biri dərziyə həsr olunub, digəri nalbəndə, bir ayrısı qəssaba, növbətisi iynəçiyə, hərəsi bir peşə sahibini vəsf edir, hamısı da məhəbbətli şeirlərdir. Şəhraşub şeir şəklinin tələbinə uyğun olaraq da hər şeirdə vəsf edilən peşə sahibinin sənətinə xas hansısa cizgilər yer alır, bu əlamətlərin fərqli məna çalarları misralarda məharətlə oynadılır. Tacəddin Əmir Əhmədin həkimə həsr etdiyi bu rübai onun şəhraşub dördlükləri qatarındandır.

Ey kan-e honər, təbib-e hekmətamuz,

Dərdist konun dər del-e mən bəs cansuz.

Ta dərd-e deli məra to dərman sazi,

Nəzdik-e toəm pedər ferstad emruz.

Ey hikmət sahibi təbib, qıl çara,

Ürəyim bir dərddən düşüb odlara.

Bu gün atam məni göndərdi, sən bax,

Tap könül ağrımı sağaldan dəva.

(Farscadan bütün bədii tərcümələr yazı müəllifinindir - R.H.).

Hətta Məhsətiyə yazdığı bu məhəbbətli dördlük də mahiyyətcə daha bir şəhraşubdur. Çünki həmin rübai sadəcə aşiqin məşuqa müraciəti deyil, burada Əmir Əhməd çəng çalanı öyür. Şeirin hansı şəraitdə yarandığından xəbərdar olduğumuzdan bizə məlumdur ki, burada vəsf edilən məhz Məhsətidir. Ancaq həmin kontekstdən xəbərdar olmayançün bu dördlük Əmir Əhmədin digər şəhraşub-rübailəri ilə yanaşı qoyulanda elə onlardan biri kimi qavranılacaq. Yerindəcə onu da xatırladaq ki, "Məhsəti və Əmir Əhməd dastanı"nda şah məclisində çalınan musiqi alətlərinin adlarını da sadalayır (çəng, ud, bərbət, əbrişəm, nay, tənbur) və bunun özü musiqi tariximiz baxımından diqqətəlayiq məlumat hesab edilməlidir.

"Dastan" Əmir Əhmədlə sevgilisini yanaşı göstərir. Məhsəti çəng çalır, onun telləri Əmir Əhmədin üzünə toxunur, məclis sakitcə dinləyir. O qədər sükutla ki, qədəhlərə süzülən şərabın səsi də aydın eşidilir və Əmir Əhməd bu anları rübailəşdirir:

Bər dəst-e mən in peyale-ye mol çe xoşəst,

Dər dəst-e degər zolf-e ço sonbol çe xoşəst.

Qolqol ze sorahi vo derəng əz rox-e çəng,

Nuşidən-e mey be sout-e bolbol çe xoşəst.

Əlimdə piyalə, xoşdur nə qədər,

O biri əlimdə sünbül hörüklər.

Sürahi qülqülü, çəngin sədası,

Bu mey, bülbül səsi məni məst edər.

"Məhsəti və Əmir Əhməd dastanı"nda Gəncə bazarında Məhsəti və əri Tacəddin Əmir Əhməd yanaşıdır, ayrı-ayrı əsnaf sıralarının arasından keçirlər. Gah o peşə sahibinə yaxınlaşırlar, gah bu sənət sahibi ilə söhbətə başlayırlar. Dostyana təmaslar, xəfif zarafatlaşmaların hərəsi dönüb bir şəhraşub olur.

Məhsətinin şəhraşub şeirlərini oxuyanlar əsrlərcə məəttəl qalmışdılar, şəhraşub silsilələrindən, belə bir ədəbi ənənənin varlığından xəbəri olmayanlar elə düşünmüş, hətta bunu həm Şərqdə, həm Qərbdə açıqca yazmışdılar ki, bu qədər cavana belə sevdalı şeirlər həsr edən xanım, yəqin, yüngüləxlaqlı imiş. Şəkkə düşməyə müəyyən mənada əsasları da varmış. Görürdülər ki, hamısı məhəbbətli şeirlərdir və qadının dilindən səslənir. Bir gün bir dərzini, sabah qəssabı öyür, başqa bir gün nalbəndi vəsf edir, ayrı bir gün mehtər haqqında şeir yazır, digər dəfə göyərçin saxlayanla - kəbutərbazla sevgi dilində danışır. Əlbəttə ki, şəhraşub kimi bir şeir istiqamətinin olmasından xəbərsizlər qadın dilindən belə tərənnümə mat-məəttəl qalmaya bilməzdilər ki, necə olur bir qadın eyni anda bu qədər kişiyə eşq elan edirmiş kimi şeirlər qoşur. Ancaq müxtəlif əsrlərdə yaradılmış eyni cür şəhraşub silsilələrini yanaşı qoyanda agah olursan ki, sən demə, bu, rəmzi mənada eşq elan etməkmiş, məqsəd sənətkarı tərif etməkmiş. Məhsətidən əvvəl də, sonra da yüzillər boyu bu qəbil şeirlər yaradılıb. Ancaq Əmir Əhmədin elə Məhsətinin şəhraşub rübailərinə bənzəyən eyni ifadə tərzli dördlüklərinin olmasının bir əhəmiyyəti də ondan ibarətdir ki, Məhsətinin əxlaqı, sərbəst davranış tərzi haqda ortaya çıxmış yanlış müddəaları rədd etməkçün tutarlı sübuta çevrilirlər. Axı şəhraşub rübailərini yaradanda, ər-arvad hər ikisi eyni üslubda sənət-peşə sahiblərini öyəndə Gəncə bazarında yanbayandılar. Götürün yanaşı qoyun, tutuşdurun, görəcəksiniz, eyni üslubdur. Məhsəti necə deyibsə, ondan xeyli əvvəl həmin şəkildə elə Məsud Səd Səlman yazıb. Götürün Məhsətinin yanında onunla yanaşı addımlayan ərinin şəhraşub şeirlərini, görəcəksiniz ki, həmin şeirlərdəndir. Köhnə zərbülməsəldir ki, insan bilmədiyinin düşmənidir. Şəhraşubun təbiəti, xüsusiyyətləri haqqında məlumatlanınca müəmma kimi görünən, büsbütün ayrı cür təsəvvür edilən dərhal aydınlaşır, o cür xətalı düşüncəyə qapılmışlar özünü günahkar kimi hiss edir. Bilgisizlik elə xətadır ki, həmişə kimlərisə şayiələrə uymağa və uydurulmuşları yaymağa vadar edir. Necə ki, hətta XXI əsrdə də bunun zərərli təzahürünə tuş düşdük. Məhsətiyə atılan və məhz bilməzlikdən yaranmış böhtanlar bir azərbaycanlı xanımın - Suad Qaranın o qara-qura fikirlərin təsirinə düşərək şairəni ayağısürüşkən kimi təqdim edən "Məhsəti" adlı qısametrajlı film çəkərək Avropaya yaymasına gətirib çıxardı.

Məhsətinin də, Əmir Əhmədin də şeirlərində ayrı-ayrı şəhərlərin adı çəkilir. Herat, Bəlx, Mərv, Nişapur...

Onlar tez-tez səfərdəydilər və bunu "Məhsəti və Əmir Əhməd dastanı" da deyir, digər mənbələr də təsdiqləyir.

Orta əsrlərdə şahmat məsələlərinə mənsubə deyirdilər. Məhsəti də, Əmir Əhməd də elə rübailər yazıblar ki, onların hərəsində bir mənsubə gizlənib. Yəni qarşına bu gün şahmat taxtası qoyub, Məhsəti və Əmir Əhmədin şətrəncli rübailərindəki məsələləri ora köçürəndə sanki XII əsr dirilir.

Məhsəti Gəncəvi də, Tacəddin Əmir Əhməd də zəmanəsinin həm də məşhur şətrənc ustaları, şahmatçıları olmuşdular və onların şahmat oyunlarının neçə anı da şeirlərində tarixiləşib.

Azərbaycanın iki rəssamının - 1960-cı illərdə Elçin Aslanovun, 2000-ci illərin əvvəllərində Stanislav Şatikovun çəkdikləri lövhələrdə bu iki şair-sevgili şahmat taxtası arxasında, oyun əsnasında təsvir edilmişlər.

...Həm Şərq, həm Qərb ədəbiyyatında iki gəncin bir-birinə sonsuz məhəbbəti haqqında qoşulmuş dastanlar çoxdur. Leyli ilə Məcnunun, Xosrovla Şirinin, Vərqayla Gülşanın və neçə-neçə belə aşiq-məşuqun sevgi macəraları haqqında bədii ədəbiyyat nümunələri insanlığın həmişə həvəslə oxuduğu, uca tutduğu əsərlər olub. Bu sevgililərdən hansılarısa tarixən yaşamış gerçək insanlardı, hansılarısa da şairlərin qələmində doğulmuş, təxəyyülündən yaranmış surətlər. Ancaq Məhsəti ilə Əmir Əhməd gerçək şəxsiyyətlərdir, tarixdə, ədəbiyyatda iz qoymuş insanlardır. Və onların bir-birinə söylədiyi rübailər də öz qələmlərindən çıxmış əsərlərdir, hansısa dastançının qoşduğu şeirlər yox.

Tacəddin Əmir Əhməd Pur-i Xətib-e Gəncə ilə Mənicə Məhsəti Gəncəvini qeyri-adiləşdirən bir başqa məziyyət də var. İstər Qərb ədəbiyyatlarına baxın, istər Şərq ədəbiyyatlarına - şairlər nə qədər desən! Bu qatarda tək-tək qadın şairlərə də rast gələcəksiniz. Ancaq orta əsrlərdə nə Qərbdə, nə Şərqdə ömür-gün yoldaşı, sevgili olmuş, bir ailənin içərisində yaşamış iki şair tapa bilməyəcəksiniz. Üstəlik, Tacəddin Əmir Əhmədin bacısı Doxtər-i Gəncə də şeirlər yazırdı və o rübailərdən bizə gəlib çatanı da var.

Bu rübai Tacəddin Əmir Əhmədin bacısı Doxtər-e Xətib təxəllüslü şairənin qələmindən çıxıb:

Dər aləm-e can xotbe be nam-e xət-e ust,

Sobh-e del-e oşşaq ze şam-e xət-e ust.

Təşbih-e xətəş be moşk mikərdəm əql

Qofta ğələti, moşk ğolam-e xət-e ust.

Oxunar xəttinə onun xütbələr,

Aşiqçün o xətlə açılar səhər.

"Xətti müşkdür" dedim, ağıl söylədi:

"Yanılırsan, müşk onun xəttinə nökər!"

İki sevgili üz-üzə dayanıb. Bu onun, o bunun gözlərinə baxır. O bunun, bu onun əllərini tutub. Onların nəzərində dünyada bundan böyük nemət, bundan böyük bəxtiyarlıq yoxdur və Məhsəti də həmin duyğuları sözə çevirir:

Çun dəst-e məra gerefti ey yar ze ruy

Eyşi beh əz in dər həme afaq məcuy.

Əndər həq-e in dəst ke dadim be həm

Ey Pür-e Xətib-e Gənce beyti bər quy.

Sevgilim, əlimdən yapışmısan sən,

Bundan artıq ləzzət umma aləmdən.

Bir-birindən tutan bu əllər haqda,

Xətiboğlu, nolar, bir beyt desən.

Məhsəti bu şeiri o zaman deyir ki, Tacəddin Əmir Əhmədlə birgə kəbin kəsdirməkçün qazının yanına gedirlər. Kəbin onların bir-birinə saf məhəbbətini sadəcə kağız üzərində sənədləşdirəcək, ancaq onların düşüncələrində, duyğularında bu sevgi çoxdan rəsmiləşib, haçandır ki, sənədləşib.

Və Əmir Əhməd gözlətmir, anındaca bədahətən bu misraları deyir:

Emruz zən-e məniy yo mən şu-ye toəm,

Ta can darəm be del doaqu-ye toəm.

Mənşin be Xərabat ke nəqzarəm biş,

Vər nə be xoda ke doşmən-e can-e toəm.

Bu gün sən zövcəmsən, mən də sənə ər,

Sənə duaçıyam ölənə qədər.

Qalma Xərabatda gəl bundan belə,

Yoxsa məhəbbətim qəzəbə dönər.

Tacəddin Əmir Əhməd belə deməyinə deyirdi, ancaq Məhsətinin Xərabatdan ayrılması mümkünsüz idi və əslində Xərabat gizli cazibəsi ilə elə Təcəddin Əmir Əhmədi də artıq özünə doğru çəkməkdə idi.

Əmir Əhmədin bizə gəlib çatan şeirlərində də, "Məhsəti və Əmir Əhməd dastanı"nda da, ümumən, orta çağda yaşayıb-yaratmış çox şairlərimizin "Divan"larını vərəqləyərkən də tez-tez "mey", "cam", "badə" kəlmələrinə rast gəlirik. Ömər Xəyyam rübailərində də əvvəldən-sonacan mey əsas surətlərdən biridir, rübaidən-rübaiyə keçir, ona görə hətta bəzilərində belə bir güman da əmələ gəlib ki, Xəyyam mey aludəsi imiş. Ancaq Nizami ki müqəddəs bir insan idi, şeyx idi, ya Müslihəddin Sədi Şirazi, yaxud Hafiz, ya da Məhəmməd Füzuli. Bu qəbil xumarların hamısı ilahi meyin məsti idi.

Tacəddin Əmir Əhmədin bu şeirindəki də, "Məhsəti və Əmir Əhməd dastanı"ndakı sıra-sıra rübailərdəki də elə həmin şərabdır. "Xərabat məhəlləsi" deyilən rindlər yuvası isə insanı ülvi istəklərinə, böyük amallarına qovuşduran məcazi məkandır. Və bu məqamda "Məhsəti və Əmir Əhməd dastanı"ndakı iki nöqtəyə diqqət yetirməyin yeri var. Rindlər məhəlləsinə gəlib çatanacan Tacəddin Əmir Əhməd artıq bir dəfə şərab içmişdi. Ancaq bu da sadə insanların içdiyi gerçək şərabdan deyil, yuxuda nuş edilmiş ilham meyi idi.

Dastanın çatdırdığı xəbərə görə, günlərin birində Əmir Əhmədin yuxusuna nurlu bir surət gəlir. O şəfqətli naməlum əlindəki camı Tacəddinə uzadır, "nuş elə" deyir. Əmir Əhməd camı içir və oyanınca onda aşıb-daşan şairlik istedadı əmələ gəlir. Şərq xalqları içərisində belə rəvayətlər geniş yayılıb. Elə Xacə Hafiz Şiraziyə də şairlik istedadının verilməsi ilə bağlı oxşar əhvalat dildən-dilə dolaşmaqdadır.

Tacəddin Əmir Əhməd də yuxuda ilham badəsini başına çəkir və dönüb olur şair. Bu meyiçmə, o ilahi şərabın vasitəsilə şairədönmə yuxuda baş vermişdisə də, indi gəlib yetişmişdi rindlər məhəlləsinə, Məhsəti ilə üzləşmişdi, görüncə də aşiq olmuşdu və sevgilisi də şərti kəskin qoymuşdu: bura gəlib çıxmısan, ancaq rindlər məskəninə təşrif gətirdiyini, xətibin oğlu olduğunu unudursan. Sənin atan zahiddir, şəraba sadəcə biganə deyil, qatı düşmən olan insandır. Burada - rindlər oylağındasa badə əldən düşməz. Bu məkana qədəm basan rindlər yolunu tutmağa hazır olmalıdır. Belə bir imtahana hazırsanmı?

Əmir Əhməd artıq özü "badə" idi, içərisi eşqlə dolmuşdu, odur ki, "əlbəttə hazıram, mənim daha bundan savayı yolum ola bilməz", - deyir.

Onda Məhsəti gələcək ərini sınamağı qət edir. Meylə ləbələb camı Əmir Əhmədə uzadaraq "hazırsansa, nuş et", - söyləyir.

Və Əmir Əhməd tərəddüdsüz badəni son damlasınadək içir.

Bu, insanı fani dünyadan, yoxluq aləmindən ayıran eşq badəsiydi.

Onunçün də əski ədəbiyyat, təsəvvüf şeiri insanı dünyanın bütün naqislik və xıltlarından ayıraraq ucalara qaldıran, ilahiyə doğru qanadlandıran və ali mənəvi dəyərlərə sarı irəlilədən bu vasitədən heç vaxt yan keçməyib.

Nizami Gəncəvi "İskəndərnamə"sində bütün insanların bərabər olduğu "Azadlar şəhəri"ndən bəhs edir. Məhsəti Gəncəvinin, Tacəddin Əmir Əhmədin də arzuladığı azadlar şəhəri, bərabərlər şəhəri vardı. Həmin o xərabat idi bu, həmin o rindlər küçəsi idi bu. Həmin o rindlər məhəlləsi idi. Əslində Tacəddin Əmir Əhmədin də, Məhsəti Gəncəvinin də ömründə elə gerçəkdə də şəhər içində belə bir şəhər vardı. Gəncə bazarı, oradakı əsnaflar sırası o şəhərin balaca bir görüntüsü idi. Çünki onların öz dili, öz davranışları, özlərinin bir-birinin boğazından keçən sözləri, bir-birinə uyğun gələn ruhları vardı. Ancaq xərabat, rindlər məhəlləsi, ürəklərin hamısının eyni ahəngdə çırpındığı məkan həmin azadlar, bərabərlər şəhərinin daha bir ülgüsü, daha bir cazibədar görüntüsü idi.

Bütün sevdalar mütləq maneələrdən adlayası olur. Məhsəti ilə Əmir Əhmədin sevgisi də həmin təhər yüz cür sınaqlarla qarşılaşmışdı. Ancaq onlar sevgiləri uğrunda mübarizə aparmış, hər çətinliyə tab gətirmiş, niyyətlərinə də çatmışdılar. Ancaq bu mübarizələrin, sevgiləri yolunda çəkdiklərinin əks-sədası da tarixin yaddaşında həmişəlik qalıb. Çünki Məhsəti də, Tacəddin Əmir Əhməd də həmin nisgilli duyğularını sətirləri solmayan məktub kimi gələcəyə ötürmüşdülər.

Şairə köntöy münasibətin, söz adamı ilə umulmaz davranışların biri də yaddan çıxmır. Qələm bunların hamısını tarixiləşdirir. Onlara bəslənən kəc münasibət mütləq sabahdakı insanlara çatır. Çünki qarşılaşdıqları narahatlıqlarla bağlı çox zaman zahirən səslərini çıxarmasalar da, istənilən halda nə şəkildəsə - bəzən açıq, bəzən üstüörtülü bunların hamısını şeirləşdirirlər, yazılaşdırırlar, uzaq sabahlarçün sənədləşdirirlər. Elə Tacəddin Əmir Əhməd də hələ XII əsrdə onların sevgisinə mane olanlara xəbərdarlığını o başdan edərək belə bir rübai yazmışdı:

Xəlqi ke məra əz to coda midarənd,

Bər can-e mən in setəm rəva midarənd.

Fərda mən o to hər do be məqsud rəsim

İşan dər-e bihude çera midarənd

Məni müdam səndən ayrı salanlar,

O kəslər ki, vurar sitəmlər, qubar.

Sabah səninlə mən vəslə yetəndə

Onlar peşman olub əliboş qalar.

Həqiqətən, belədir. İki ürək vəhdətdədirsə, qoşa vurursa, onları bir-birindən necə ayırmaq olar?

Və "Məhsəti və Əmir Əhməd dastanı"nda Tacəddin Əmir Əhmədlə Məhsəti Gəncəvinin rübailərinin yanaşı olması onların birgəliyinin ayrı bir sübutudur. Məhsətinin şeirləri digər qaynaqlardan da bizə bəlliydi. Ancaq bu qoşalığın, bu həmnəfəsliyin sayəsində Məhsəti Gəncəvinin rübailəri ilə bərabər Tacəddin Əmir Əhmədin dördlükləri də əsrlər aşaraq günümüzə gəlib çatıb.

Bu, Azərbaycanın unudulmuş, amma əsla unudulmamalı, yaxşı tanınmalı bir şairinin XII yüzildən aşaraq bugünə gəlib çatan səsidir. Birinci görüşlərindən sonra, ilk dəfə rastlaşıb Məhsətiyə məftun olduğu günün sabahı Əmir Əhmədin qələmində bu rübai cücərmişdi:

Diruz bebazar bedidəm ruyət,

Vəz hecr bəraşofte şodəm çun muyət.

Emruz ke baz gəştəm əz bixəbəri,

Xahəm ke be xak oftəm əndər kuyət.

Dünən səni gördüm, başlandı hicran,

Zülfüntək əhvalım oldu pərişan.

Toz olub döşənim sənin küçənə,

Öpüm keçib gedən yar ayağından.

Dünyada, o sıradan Azərbaycanda arxada qalan yüzillər və minillər boyu saysız məhəbbət şeirləri yaranıb. Bu sevgi qoşqularının, yəqin ki, hansılarınınsa dəqiq ünvanları olub, hansılarısa şairin içərisində qaynayan duyğuların əks-sədası kimi qaibanə bir sevgiliyə ünvanlanıb. Ancaq bildiyimiz bir həqiqət var ki, Tacəddin Əmir Əhməddən yadigar qalmış bir çox dördlüklərin və o sıradan bu rübainin də dəqiq hədəfi var. Bu sevda hədəfi Azərbaycanın böyük şairəsi, gözəllər gözəli Məhsəti Gəncəvidir.

Qaynaqların çatdırdığı və Əmir Əhmədin əxi birlikləri ilə bağlılığına dəlalət edən soraqlar da var. Orta əsrlərdə sənət-peşə sahiblərinin bir çoxu mənası "qardaş" olan əxi təşkilatında birləşərdi və Gəncədəki əxi təşkilatına rəhbərlik etmiş Comərd Qəssabın türbəsi şəhərdə bu gün də qalmaqdadır. Comərd Qəssaba isə həm Məhsəti, həm də Tacəddin Əmir Əhməd rübailər həsr edib və o şeirlər bir çox təzkirə və cünglərdə, eləcə də "Məhsəti və Əmir Əhməd dastanı"nda qalmaqdadır.

Əxilərə Məhsətinin də, əri Tacəddin Əmir Əhmədin də bağlılığının ayrı bir və həm də yetərincə əhəmiyyətli göstəricisi, onların sadəcə əxi birliyinin üzvü olmayıb, həm də təşkilatın idarəediciləri ilə əlaqələrinin varlığını nişan verən hadisədir.

Günlərin birində cütlük növbəti səfərinə çıxır. Məxəz nağıl edir ki, Məhsəti və Əmir Əhməd Zəncan yolu ilə keçib gedirdilər, Zəncanda dayandılar və orada Əxi Fərəc Zəncani ilə görüşdülər.

Əxi Fərəc Zəncani isə, o çağın mənbələrinin təsdiqinə görə, ümuməxi qurumlarının ali rəhbəri olmuşdu. Yəni əhatəsi yetərincə geniş - bütün Yaxın-Orta Şərqi bürümüş əxi təşkilatının öndəri Fərəc Zəncani ilə iki Azərbaycan şairinin bu qarşılaşması mənbələrdə də əks olunursa, deməli, bu, sadəcə ayaqüstü haləhvaltutma deyildi, bu, Məhsətiylə Əmir Əhmədin həm öndər, həm təşkilatla sıx bağlılıqlarının əlaməti olan vacib görüş idi. "Dastan" başlanan səfərin Bəlxə olduğunu və bir qədər sonra isə orada xorasanlı tanınmışların da bu gəlişin xəbərini alaraq toplaşdıqlarını çatdırır.

Belə bir səfər ərəfəsində Zəncandakı görüşün, ola bilsin ki, hansısa tapşırıqları, ismarışları çatdırmaqdan ötrü bir məsləhətləşmə olduğu da ehtimal edilə bilər.

...İslam, onun baş kitabı Quran müsəlmanın davranış qayda-qanunlarını müəyyənləşdirən, səmtləndirən şəriət, lap başlanğıcdan sadəcə dini şəbəkəni, etiqadla bağlı məsələlər əhatəsini nəzərdə tutmurdu. Lap yaranışdan bu dəyərlər silsiləsinin əsas məqsədi insanı kamilləşdirmək idi. İnsan kamilləşirsə, demək, cəmiyyət də daha mükəmməl olacaq. Yəni bunlar fəlsəfəsiylə insan və cəmiyyət quruculuğunun ümdə vasitələri idilər. Lakin ayrı-ayrı zəmanələrin düşüncə adamları hətta bunları da insan kamilləşməsi səmtindəki çalışmalarçün kafi hesab etməyərək, bir qədər də irəli getməyə səy göstərirdilər. Təsəvvüf yaranıb qoynuna on minlərlə insanı cəlb edən möhtəşəm bir axına çevrildisə, bunun da cövhərində insanı kamilləşmə yolu ilə irəlilətmək, əqidə və ruhca cilalamaq niyyətləri dayanırdı. Doğrudur, təsəvvüfdən qaynaqlanan, şaxələnərək ayrı-ayrı təriqətlərə, cərəyanlara, hərəkatlara çevrilən axınlarda siyasi qat da vardı, bu hər biri özlüyündə mütəşəkkil hərəkat olan, ardıcılı çox təriqətlər təsirli qüvvə idi və onlardan siyasi məqsədlərçün istifadə edilirdi. Orta əsrlərdəki üsyan səciyyəli böyük etirazların, ictimai qasırğaların hansının necə qopması və cərəyan etməsi səbəblərini araşdırırsansa, ardında məhz ayrı-ayrı təriqətlərin izlərinin gizlənməsinə şahid olursan. Lakin bütün təriqət və axınlarda təməl məqsəd eyniydi: insanı daha kamil etmək.

Və orta əsrlərdə yaşamış bircə şairi də təsəvvür eləmək mümkün deyil ki, ömründən, yaradıcılığından, qələmindən, düşüncələrindən təsəvvüf dalğası keçməmiş olsun. Hətta hansısa şairlər birbaşa müəyyən təriqətlə, bəlli cərəyanlarla bilavasitə bağlı olmasalar belə, artıq ədəbiyyatda deyiş tərzinə çevrilmiş, qəlibləşmiş, simvolik mənalar qazanmış ayrı-ayrı ifadələr onun da qələmindən, şeirindən istər-istəməz keçirdi. O şeirləri oxuyanlar bunları sırf təsəvvüf mənasında da qavraya bilərdi və həmin şeirlər həm də gündəlik, həyati mənalar da daşımaqdaydı.

Eyni keyfiyyət Məhsəti şeirlərində də var, həmin məziyyət Tacəddin Əmir Əhməddən bizə gəlib çatan ədəbi yadigarlarda da müşahidə edilməkdədir.

Oğlunun bir təriqətə qoşulduğundan xəbər tutunca Gəncə Xətibinin qanı qaralır. Əsəbi halda Əmir Əhmədi çağırtdırır, onun baxışınca, yaramaz və qəbuledilməz olan bu hərəkətə görə oğlunu məzəmmət etməyə başlayır. Tacəddin Əmir Əhmədin atasıyla bu qarşılaşmasından yadigar bir rübai doğulur.

O, əvvəlcə atasının bu qınaqlarla dolu söhbətini nisbətən toxtatmağa, vəziyyətdən pərdəni götürmədən elə üstüörtülü danışmaqla çıxmağa cəhd edir, "cavan oğlanam, yəqin, bunlar keçəri maraqlardır, sovuşub gedəcək, mən heç təriqət yolçusu olan deyiləm, sən belə söz-söhbətlərə çox bənd olma" kimi deyişlərlə kişini yola vermək istəyir:

Baba, to məra məzən ke mən beh nəşəvəm,

Hər çənd məra biş zəni mən betərəm

Emruz cəvanəm o cəvani bekonəm

Fərda ke be sal-e to rəsəm toube konəm.

Ata, düzəlmərəm, çox da danlama,

Bundan da pis ollam sən qınadıqca,

Gəncəm, qoy cavanlıq edim, ay ata,

Tövbə eləyərəm sənin yaşında.

Xətib ağıllı, təcrübəli insandı. Anlayırdı ki, bu, cavanlıq-qocalıq söhbəti deyil. Əgər oğlu bu yolun yolçusudursa, daha ordan geri dönən deyil. Ona görə də məsləhətli don gen olar fikri ilə Tacəddini bir az da nəsihətlər verməkdən ötrü qazının yanına göndərir. Qazı ilə görüşündə isə Əmir Əhməd daha sərtdir, artıq müdafiəyə çəkilən, vəziyyətdən çıxmaq istəyən yox, ittiham edəndir. Qazı ona tövsiyələrini verərək "yanlış yoldasan, bu xətalı hərəkətlərdən çəkin" söyləyəndə Tacəddin Əmir Əhməd üzə durur, qəti etiraz edir. O görüş əsnasında soyumadığındandır ki, sonra həmin həyəcanlı anları rübaiyə də döndərib:

Çun ma vo şoma ney qərin-e yekdegərim,

Beh zən nəbovəd ke pərde-ye həm nədərim

To eyb məra məquy ta eyb-e tora

Mən niz nəquyəm ke yek əz yek betərim.

İndi ki gəlmişik qarşı-qarşıya,

Elə edək qalsın pərdə arada.

Eybimi söyləmə, mən də deməyim,

Biri-birimizdən pisik günahda.

"Məhsəti və Əmir Əhməd dastanı"nın bu hissəsindəki əhvalatların hamısı yenə rəmzi səciyyəlidir. Buradakı mətləblərin hamısı yolla, əqidə ilə, məsləkləə bağlıdır - Gəncə Xətibi növbəti dəfə oğlunu çağırıb töhmətləyəndə, oturub-durduğu əsnafın ona uyğun adamlar olmadığını deyəndə, gedib-gəldiyi Xərabatın ona yaraşan məkan olmadığını söyləyərək, "düz yola dön, haqqa qayıt" nəsihətini edəndə Tacəddin razılaşmır və şərt qoyur. Atasına deyir ki, dəvən neçə ildir səninlədir? Xətib qayıdır ki, 12 ildir. Əmir Əhməd soruşur ki, bu dəvənin indiyədək Xərabat məhəlləsinə getdiyi olubmu? Xətib cavab verir ki, mənim Xərabat məhəlləsində nə işim? Oranın heç yolunu tanımıram, mən tanımıramsa, demək, dəvəm də ora gedib-gəlməyib. Mənim dəvəmin bildiyi üçcə ünvan var: evimiz, mədrəsə, bir də məscid.

Tacəddin dillənir ki, çox yaxşı, elə mən də sizdən bu cavabı eşitmək istəyirdim. Gözlərimi bağlayın, otuzdurun məni bu dəvənin üstündə. Bu dəqiqə ürəyimdən Xərabata yollanmaq keçir, dəvə də, özünüz təsdiqləyirsiniz ki, həmin yolu tanımır. Ovsarını boş buraxın, qoy dəvə hara gedir-getsin. Sizin sözünüzə görə, dediyiniz üç yerdən birinə üz tutmalıdır. Əgər o cür olsa, dəvə məni evə, cümə məscidinə, ya mədrəsəyə aparıb çıxarsa, onda mən razıyam, əsnafdan da ayrılacağam, Xərabatın da yolunu unudacağam. Əgər gözü bağlı halda bu dəvə aparıb məni düz Xərabat məhəlləsinə çıxarsa, daha sözünüz olmasın, dəvə də qalacaq mənə, ondan sonra Xərabata gedib-gəlməyimə görə də məni heç ittiham etməyin.

Gözlərini bağlayırlar, Əmir Əhmədi dəvənin üstünə əyləşdirirlər və heyvancığaz da düz gedib çıxır Xərabat məhəlləsinə.

Bu, bir yol idi. Qələmin yolu, düşüncənin yolu, niyyətlərin yolu, hisslərin yolu. O yolu tutub sədaqətlə irəlilədiklərindən, o yol boyu ömürlərindən keçənləri şeirə çevirdiklərindən Məhsəti Gəncəvi də, Tacəddin Əmir Əhməd də elə yol uzunluqlu ömür yaşayırlar və həmin yol gələcəklərə doğru da uzanmaqdadır.

Şərqin də, Qərbin də ədəbiyyatında və tarixində xeyli abidələşmiş məhəbbət cütlükləri var. İtaliyanın Veronası dünyanın ən məşhur məhəbbət cütlüklərindən birinin - Romeo ilə Cülyettanın vətənidir. Buranı hərdən elə "Romeo və Cülyetta şəhəri" də adlandırırlar. Balkonunun altında Romeonun serenada oxuduğu ev də ordadır, qapısını hər gün axın-axın insan açır, qoşa heykəlləri də bu şəhərdədir. Dünya boyu heykəlləşmiş məhəbbət qoşalarının bir çoxu həyatda olmayıb, şair-yazıçı təxəyyülündən doğmuş surətlərdir. Ancaq heykəlləri var deyə insanların çoxu onları da elə olmuş, yaşamış şəxsiyyətlər kimi qavrayır. Məhsəti ilə Əmir Əhməd ki gerçək tarixi şəxsiyyətlər, iz qoymuş parlaqlardır. Gərək XII yüzil Azərbaycanını bəzəmiş, zamanında yurda şan-şöhrət gətirmiş, bu gün də iftixar ünvanı olaraq yaşayan bu iki qiymətli Vətən yavrusundan heykəl qoşalığını əsirgəməyək.

Çox illər öncə unudulmaz Azərbaycan heykəltəraşı Münəvvər Rzayeva kiçik ölçülü bir lövhədə Tacəddin Əmir Əhmədlə Məhsəti Gəncəvini qovuşdurdu, indi qorelyef Nizami muzeyində Məhsəti otağındadır. Bakıda Məhsəti Gəncəvinin çoxdan olmalı olan abidəsi yoxdur. Doğrudur, Gəncədə Nizaminin də, Məhsətinin də, digər məşhur ədiblərin də abidələri ucalmaqdadır. Ancaq o sırada Tacəddin Əmir Əhmədin heykəli yoxdur. Könül istər ki, avand günlərin birində 9 əsr öncə qoşa olmuş Tacəddin Əmir Əhmədlə Məhsəti Gəncəvi doğma şəhərə elə heykəlləşərək yenə birgə qayıtsınlar.

XII yüzildə Məhsəti Gəncəvi də, Tacəddin Əmir Əhməd də yazdıqları hər misra, hər beyt, hər rübai, hər qəzəllə insanlara salam verirdilər. Qoy indi yeni əsrdə, yeni minillikdə doğma Gəncələrində Tacəddin Əmir Əhmədlə Məhsəti Gəncəvi qovuşduqları abidəylə hər gün göz qabağında olsunlar, ucalan surətləri ilə də hər gün insanları salamlasınlar!

28 fevral 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr