
Böyük Britaniya hökuməti ABŞ-ın Rusiya neftinə tətbiq edilən sanksiyaları müvəqqəti yumşaltmaq qərarına qoşulmayacağını bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə "Sky News"a baş nazirin ofisindən verilən açıqlamada bildirilib. Qeyd edilir ki, Londonun mövqeyi dəyişməz qalır və bütün tərəfdaşlar Rusiyanın "hərbi maşınına" təzyiqi davam etdirməlidir.
Britaniyanın energetika naziri Maykl Şanks da vurğulayıb ki, Ukraynadakı münaqişənin kritik mərhələsində Rusiyaya maliyyə yardımı ola biləcək hər hansı addımdan qaçmaq lazımdır.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi martın 12-dək gəmilərə yüklənmiş Rusiya neftinin satışına aprelin 11-nə qədər icazə verən müvəqqəti lisenziya yayımlayıb. Vaşinqton bu addımı İrandakı hərbi əməliyyatlar səbəbindən dünya bazarında artan neft qiymətlərini sabitləşdirmək istəyi ilə izah edir. Rusiya tərəfi isə bu qərarın təxminən 100 milyon barel nefti əhatə edəcəyini bildirib.