AZ

Yeni geosiyasi çağırışlar fonunda strateji enerji diplomatiyası

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Avropa məkanı ilə münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin birgə mətbuat bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, tərəflər arasında əməkdaşlıq artıq geniş və çoxşaxəli gündəliyə malikdir. Hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsi müşahidə olunur və bu dinamika siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən nəqliyyat və logistika sahələrinə qədər geniş sahələri əhatə edir.

Son illərdə Avropa qurumlarının nümayəndələrinin Bakıya səfərlərinin intensivləşməsi qarşılıqlı dialoqun daha da dərinləşdiyini sübut edir. Bu proses ikitərəfli münasibətlərin sabit inkişafına və tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edir. Belə təmaslar yeni layihələrin və investisiya imkanlarının formalaşmasına şərait yaradır və tərəfdaşlıq münasibətlərinin daha möhkəm əsaslar üzərində qurulmasına kömək edir.

Avropa İttifaqı ilə iqtisadi əlaqələr qarşılıqlı münasibətlərin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının bəyanatında diqqət çəkən mühüm məqamlardan biri ticarət dövriyyəsinin strukturunda Avropa məkanının xüsusi yer tutmasıdır. Cari ilin yanvar ayında ticarət dövriyyəsinin 50 faizinin Avropa İttifaqı ilə bağlı olması bu münasibətlərin iqtisadi baxımdan nə qədər əhəmiyyətli olduğunu göstərir. Həmin göstərici onu deməyə əsas verir ki, Avropa İttifaqı əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir. Qarşılıqlı investisiya imkanlarının genişlənməsi isə iqtisadi əlaqələrin yeni mərhələyə daxil olduğunu göstərir. Hazırda təkcə Avropa şirkətlərinin investisiyaları deyil, həm də Avropa məkanına yönələn investisiyalar artmaqdadır. Bu isə əməkdaşlığın daha balanslı və uzunmüddətli xarakter daşıdığını göstərir.

Enerji sahəsi tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu əməkdaşlığın daha sistemli şəkildə inkişafına təkan verib. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu amil ölkənin beynəlxalq enerji bazarında mövqeyinin möhkəmləndiyini göstərir.

Eyni zamanda, qaz hasilatının artırılması planları enerji əməkdaşlığının perspektivlərini daha da genişləndirir. Yeni yataqlardan hasilatın başlanması nəticəsində yaxın iki-üç il ərzində əlavə 10 milyard kubmetr qazın hasil olunacağı gözlənilir. Bu isə Avropa bazarının enerji təminatına mühüm töhfə verəcək. Müasir dövrdə enerji siyasətinin mühüm istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin inkişafıdır. Prezident İlham Əliyev mətbuata bəyanatında həmin sahənin böyük potensiala malik olduğunu bildirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq: “Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”.

Coğrafi və iqlim şəraiti də bu istiqamətdə geniş imkanlar təqdim edir. İl ərzində 300-dən çox günəşli günün müşahidə olunması və külək enerjisi potensialının yüksək olması yaşıl enerji layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam regionda yaranmış yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Ermənistanla paraflanmış sülh sazişi regionda sabitliyin möhkəmlənməsi baxımından yeni mərhələ yaradır. Bu proses nəqliyyat və logistika sahəsində də yeni imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin genişlənməsi regional ticarətin və tranzit daşımalarının artmasına töhfə verəcəkdir. Artıq Ermənistana müəyyən neft məhsullarının tədarükünün başlanması və digər dövlətlərin yüklərinin tranziti üçün məhdudiyyətlərin aradan qaldırılması regionda əməkdaşlıq mühitinin formalaşdığını göstərir.

Təhlükəsizlik, nəqliyyat, logistika, yaşıl enerji və regional sabitlik kimi məsələlər əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bu baxımdan Avropa qurumları ilə əməkdaşlıq çoxşaxəli xarakter alaraq strateji əhəmiyyət kəsb edir. Qarşılıqlı dialoqun davamlı şəkildə inkişafı, yeni layihələrin həyata keçirilməsi və regional sabitliyin möhkəmlənməsi bu münasibətlərin gələcək perspektivlərini genişləndirir.

Nəticə etibarilə, Avropa İttifaqı Şurasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, bərpaolunan enerji layihələri və regional sülh gündəliyi qarşılıqlı münasibətlərin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar göstərir ki, mövcud işbirliyi modeli gələcək illərdə daha da genişlənərək beynəlxalq əməkdaşlıq sistemində mühüm rol oynamağa davam edəcəkdir.

Heydər Əsədov

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
sesqazeti.az

3Mənbələr