AZ

5 qəpikdən 13 qəpiyə: su aparatlarında qiymət niyə fərqlidir?

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Artıq xeyli vaxtdır ki, paytaxtın müxtəlif ərazilərində, xüsusilə də yaşayış binalarının qarşısında su aparatları - su təmizləmə qurğusu quraşdırılıb. Aparatlar ümumi su xəttinə qoşulub və sadə idarəetmə sistemi ilə işləyir. Həm nəğd, həm də kart vasitəsilə müəyyən ödəniş etməklə bu aparatlardan içməli su götürmək mümkündür. Aparatlardakı suyun təmizlənməsi üçün xüsusi filtrlərdən istifadə olunur ki, bu da suyun keyfiyyətini yaxşılaşdırır. Mərhələli təmizləmə sistemi ilə suyu sağlamlığımız üçün faydalı olan duzlar və minerallarla lazımi səviyyədə minerallaşdırır və ozonlaşdırır. Filtr aparatları suyun tərkibindəki insan orqanizminə zərərli olan mikroorqanizmləri, artıq mineralları təmizləyir. Mütəxəssislərin fikrincə, aparatların mütəmadi olaraq təmizlənməsi, filtrlərin vaxtında dəyişdirilməsi və suyun keyfiyyətinin yoxlanılması insanların sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də sadalanan məqamlara xüsusi olaraq diqqət yetirmək vacibdir.

Paytaxtda su aparatlarının quraşdırılması işini həyata keçirən Ecosu MMC 2019-cu ildən etibarən fəaliyyət göstərir. Şirkətin Bakı şəhər şəbəkəsində 200-dən çox aparatı mövcuddur. Bu aparatlar demək olar ki, paytaxtın bütün rayonlarında quraşdırılıb. Cəmiyyətin əsas fəaliyyəti ölkə  ərazisində su təmizləmə qurğusunun (su avtomatının) quraşdırılması nəticəsində əhalini 24 saat ərzində ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin etməkdir. Şirkətdən bildirilib ki, Koreya texnologiyasına əsasən filterin istifadə müddəti başa çatan kimi dəyişdirilməsə, aparat avtomatik olaraq dayanır və işləmir. Aparatlar 8 qatlı filterlə təchiz olunub: "Aparat vasitəsilə su 7 pilləli təmizləmə prosesindən keçir. Çirk, virus və bakterialardan tamamilə təmizlənir. Su yüz faiz dezinfeksiya edilir və sonra suya minerallar əlavə olunur".

Sözügedən aparatlardakı su müxtəlif ərazilərdə fərqli qiymətə satılır. Bəzi ərzilərdə 1 litri 5, bəzi ərazilərdə 10, 11, 13 qəpiyə alıcılara təklif edilir. 

Suyun bəzi ərazilərdə nisbətən baha satılması vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Paytaxt sakini Sevda Məhərrəmova bildirir ki, bacısı Yeni Yasamal rayonu ərazisində yaşayır. Onların yaşadığı binanın həyətində quraşdırılan aparatda suyun 1 litrinin qiyməti 5 qəpikdir: "Mən Nizami metrosuna yaxın ərazidə yaşayıram. Binamızın həyətində quraşdırılan aparatda suyun 1 litrinin qiyməti 13 qəpikdir. Qiymət fərqi böyükdür. Eyni aparat, eyni forma təmizləmə, eyni su. Amma qiymət fərqi var. Yaxşı olar ki, hər yerdə eyni, münasib qiymət olsun. Mən bu aparatlardakı suyun keyfiyyətindən və təmizliyindən razıyam. Amma qiymət bir az aşağı olsa, daha yaxşı olar".

İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə görə, yaşayış binaları önündə yerləşən su aparatlarının təşkili təxminən yeddi hüquqi şəxs tərəfindən həyata keçirilir. Müvafiq olaraq İqtisadiyyat Nazirliyindən 7 şirkət bunun üçün icazə alıb. Onlardan faktiki olaraq 4 şirkət hüquqi fəaliyyət göstərir: "Pərakəndə içməli su satışının təşkil olunması  bəzən yaşayış binaları üzrə korporativlərin razılığı əsasında oraya quraşdırılır. Bəzən də müvafiq olaraq dövlət lisenziyası əsasında ayrılan yerlərdə yerləşdirilir. Bu proses bələdiyyələr və müvafiq dövlət orqanları ilə  razılaşdırılmış və lisenziyalaşdırılmış formada həyata keçirilir. Bu zaman içməli su satışını həyata keçirən hüquqi şəxslərin xərcləri dəyişir. Məsələn, korporativlərin ərazisində quraşdırılan zaman mənzil təsərrüfat birliklərinin müvafiq icrasını almaq üçün aylıq və yaxudda satış həcminə uyğun olaraq əlavə ödənişlər, vergi tutulmaları həyata keçirilir. Bu səbəbdən də bu aparanlarda satılan suyun qiyməti dəyişə bilir. Müvafiq olaraq yerli icra orqanının icazəsi əsasında ayrılan ərazidə satış həyata keçirilən zaman xərclər nisbətən aşağı olur.  Onda su qiymətləri də aşağı olur. Aparatların yerləşmə yerlərindən, yəni paytaxtın mərkəzi və kənar yerlərindən asılı olaraq qiymətlər dəyişir. Yəni mərkəzi hissələrə aparatların yerləşdirilməsi bir az xərc tələb etdiyindən satılan su qiymətlərinin qiyməti bir az baha olur".

İqtisadçı qeyd edib ki, qiymətlərdə vahid tarif sisteminin tətbiqi mümkün deyil. Çünki bu xidməti göstərən hüquqi şəxslər özəl sektorun təmsilçiləridir. Özəl sektor da bazar şərtlərinə uyğun olaraq rəqabətə, yerləşmə ərazisinə, cari xərclərə görə dəyişə bilir. Bu dəyişikliklər də nəticə etibarilə qiymətlərdə öz əksini tapır.

İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə görə, su aparatlarında satılan suyun qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu, dövlət tərəfindən tənzimlənməyən qiymət sahəsinə daxildir. Sözügedən aparatlardakı suyun satışı özəl şirkətlər tərəfindən həyata keçirildiyindən onların da istənilən qiymət qoymağa ixtiyarları var. Burada dövlət tərəfindən yalnız suyun keyfiyyətinə nəzərət oluna bilər. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, yaşayış binalarının qarşısında su təmizləmə qurğularını quraşdıran özəl şirkətlər bunun üçün Agentlikdən texniki şərt alır. Bundan sonra sözügedən aparatlar quraşdırılır: "Öncə bu özəl şirkətlər tərəfindən Agentliyə müraciət olunur. Müvafiq qaydalara uyğun olaraq bu şirkətlərə texniki şərt verilir. Hesablaşmanın aparılması üçün sayğac quraşdırılır. İstifadə olunan suyun dəyəri şirkət tərəfindən ödənilir. İçməli suyun 1 kubmetri üçün şirkət tərəfindən 1 manat məbləğində vəsait ödənilir".

Görünən odur ki, şirkətlər tərəfindən suyun 1 kubmetri üçün 1 manat ödənildiyi halda, aparatdakı suyun 1 litri əhaliyə 5-10, hətta bir çox ərazilərdə 11-13 qəpiyə satılır.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
525.az

1Mənbələr