AZ

BDU da “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “44 günlük Vətən müharibəsi Böyük Britaniya mətbuatında” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Elmi seminarda BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının doktorantı Səbuhi Quliyev mövzu üzrə məruzə edib. Məruzəçi müharibə dövründə Böyük Britaniyanın aparıcı media qurumları – “BBC News”, “Reuters”, “The Guardian”, “The Independent” və “The Telegraph” kimi informasiya mənbələrinin yayımladıqları materialların təhlil edildiyini bildirib. O, qeyd edib ki, Böyük Britaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasını dəstəkləyən dövlətlərdən biri hesab olunur.

“Aparılan təhlil nəticəsində müəyyən edilib ki, bəzi hallarda münaqişə ilə bağlı məlumatların təqdim edilməsində balanslı yanaşma müşahidə olunsa da, müəyyən materiallarda hadisələrin təqdim olunması tam obyektiv xarakter daşımayıb. Məsələn, müharibənin ilk günlərində bəzi media qurumları tərəfindən Azərbaycan tərəfi ilə bağlı irəli sürülən iddialar kifayət qədər dəqiq mənbələrə əsaslanmadan yayımlanıb. Britaniya mətbuatında münaqişənin işıqlandırılması zamanı fərqli narrativlərin mövcudluğu da diqqət çəkir. Bəzi qəzetlər hadisələri əsasən humanitar prizma ilə təqdim edib, mülki əhalinin vəziyyəti, şəhərlərin dağıdılması və müharibənin sosial nəticələri kimi məsələlərə xüsusi diqqət ayırıb.

Təhlil göstərir ki, Britaniya mediasında İkinci Qarabağ müharibəsinin təqdim olunması müxtəlif yanaşmaların paralel şəkildə mövcudluğu ilə xarakterizə olunur. Bir tərəfdən, münaqişənin beynəlxalq hüquqi əsasları və Azərbaycanın mövqeyi bəzi materiallarda aydın şəkildə ifadə olunub. Digər tərəfdən isə, bəzi xəbərlərdə hadisələr daha çox siyasi və humanitar çərçivədə təqdim edilib, münaqişənin tarixi və hüquqi konteksti kifayət qədər geniş izah olunmayıb”, - deyə məruzəçi bildirib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
azertag.az

1Mənbələr