Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 13 mart, AZƏRTAC
Hazırda dünyada müşahidə olunan əsas tendensiyalardan biri qlobal parçalanmanın güclənməsidir və bu proses beynəlxalq əməkdaşlıq üçün əlavə çətinliklər yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Çex Respublikasının sabiq Baş naziri Jiří Rusnok XIII Qlobal Bakı Forumunda keçirilən “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı” mövzusunda paneldə səsləndirib.
Jiří Rusnok bildirib ki, bu parçalanma bir neçə səviyyədə özünü göstərir və onların bir-biri ilə əlaqəsi vəziyyəti daha da mürəkkəbləşdirir. Onun sözlərinə görə, qlobal səviyyədə son illər ticarət və iqtisadi əməkdaşlıq sahəsində müəyyən dərəcədə deqlobalizasiya meyilləri müşahidə olunur.
Jiří Rusnok qeyd edib ki, regional səviyyədə də oxşar tendensiyalar görünür. Xüsusilə Avropa İttifaqı daxilində üzv dövlətlər arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları və gərginliklərin artdığını diqqətə çatdırıb.
Sabiq Baş nazir əlavə edib ki, bir sıra ölkələrdə populist və milli yönümlü siyasi qüvvələrin güclənməsi də konsensusun əldə olunmasını çətinləşdirir. Onun sözlərinə görə, bu cür siyasi proseslər beynəlxalq təşkilatlarda ortaq qərarların qəbulunu daha mürəkkəb edir.
Jiří Rusnok vurğulayıb ki, bütün bu amillər qlobal iqtisadi inkişaf və makroiqtisadi sabitlik üçün də əlavə çağırışlar yaradır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.