Konkret.az saytına istinadən ain.az xəbər verir.
Novruz və Ramazan bayramı günlərində süfrələrin daha zəngin olması bir çox insanın qidalanma rejimini dəyişir. Bu isə xüsusilə təzyiq problemi yaşayan şəxslər üçün müəyyən risklər yarada bilər.
Belə günlərdə yüksək təzyiqdən əziyyət çəkənlər necə qidalanmalıdır?

Seymur Qafarov
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida mütəxəssisi-ekspert Seymur Qafarov deyib:
“Ramazan bayramında qidalanma bu cür olmalıdır – sahurda: çovdar çörəyi, yulaf, bulqur, tam taxıllar – uzunmüddətli enerji və təzyiqin sabit qalması üçün faydalıdır.
İftarda: yüngül şorbalar, tərəvəz yeməkləri, az yağlı ət və balıq.”
Şirniyyatlarda diqqətli olmağı vurğulayan mütəxəssis bildirib:
“Şərbətli, yağlı şirniyyatlardan uzaq durmaq lazımdır. Meyvə və quru meyvələr daha uyğun seçimdir.”
“Gün ərzində su çatışmazlığını kompensasiya etmək üçün iftar və sahur arasında bol su içmək vacibdir. Novruz süfrəsi adətən plov, şirniyyatlar (şəkərbura, paxlava), qovurma və digər ağır yeməklərlə zəngindir. Təzyiq problemi olanlar plovu az yağlı və duzsuz bişirməli, daha çox tərəvəzli plovlara üstünlük verməlidirlər. Şəkərbura və paxlavanı az miqdarda dadmalı, şəkərsiz çayla balanslaşdırmalıdırlar”, – deyə Seymur Qafarov əlavə edib.
Ət yeməklərindən bəhs edən ekspert deyib:
“Qızartma və çox yağlı qovurmalardan uzaq durmaq önəmlidir. Toyuq və balıq daha uyğun seçimdir. Novruzun əsas simvolu olan göyərtiləri (ispanaq, şüyüd, keşniş) bol istifadə etmək – həm vitamin, həm də təzyiqin tənzimlənməsi üçün faydalıdır.”
Risklər və diqqət ediləcək məqamlardan danışan qida eksperti sonda vurğulayıb: “Duz təzyiqi yüksəldən əsas amildir. Bayram süfrəsində duzlu qidaları minimuma endirmək vacibdir. Yağlı yeməklər, xüsusilə heyvani yağlar damar gərginliyini artırır. Bitki yağlarından az miqdarda istifadə etmək daha uyğundur. Şirnilər qanda şəkərin sürətli qalxmasına səbəb olub təzyiqə də təsir göstərə bilər. Şirniyyatı az miqdarda qəbul etmək lazımdır. Tünd qara çay və qəhvəni çox içmək təzyiqi yüksəldər. Daha çox yaşıl çay və ya bitki çayları seçilməlidir.”
Dəniz PənahovaKONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.