AZ

Kosmosdakı tarixi toqquşmadan gözlənilməz nəticə

Planet müdafiə sistemlərini sınaqdan keçirmək məqsədilə kosmosda həyata keçirilmiş tarixi toqquşma təkcə bir asteroidin trayektoriyasını dəyişməyib. O, həm də nəhəng kosmik qaya kütlələrinin bir-biri ilə necə “maddə mübadiləsi” apardığını ilk dəfə açıq şəkildə göstərib.

HİT.az xəbər verir ki, NASA-nın bir neçə il əvvəl həyata keçirdiyi “DART” missiyası çərçivəsində əldə edilən məlumatlar asteroidlərin milyonlarla il ərzində yavaş-yavaş bir-birinə toz və qaya parçaları ötürdüyünü təsdiqləyir.

2022-ci ilin sonunda “DART” kosmik aparatı hədəfi olan Dimorfos asteroidinə çarpmadan az əvvəl çəkilən son görüntülər səthdə əvvəllər diqqətə çarpmayan yelpik formalı qəribə izləri üzə çıxarıb. Tədqiqatçılar hesab edir ki, bu izlər Dimorfosun daha böyük “qardaşı” Didimosdan qopan materialların nəticəsində yaranıb.

Alimlərin fikrincə, Didimosdan qopan qaya və toz parçaları iki səma cismi arasında süzərək Dimorfosun səthinə yumşaq şəkildə enib. Bu proses bir növ “kosmik qar topu” effektinə bənzədilir.

Merilend Universitetindən alim Cessika Sanşayn bildirib ki, tədqiqatın əvvəlində onlar bu izlərin kameranın texniki xətası olduğunu düşünüblər. Lakin daha dərin analizlər nəticəsində ikili asteroid sistemlərində maddə transferinin real olduğunu təsdiqləyiblər.

“DART” missiyasının yeganə sürprizi səthdəki toz dəyişiklikləri olmayıb. Alimlər təsdiqləyiblər ki, toqquşma Dimorfosun orbitini dəyişməklə yanaşı, bütün sistemin Günəş ətrafında hərəkət sürətində də kiçik, lakin ölçülə bilən fərq yaradıb.

Hesablamalara görə, sistemin sürəti saniyədə təxminən 11,7 mikron qədər dəyişib. Bu fərq çox kiçik görünsə də, planet müdafiəsi üzrə mütəxəssislər üçün son dərəcə vacib hesab olunur. Belə ki, bu cür minimal dəyişiklik uzun müddətdə təhlükəli asteroidin Yerə çarpması ilə planetin yanından keçməsi arasındakı kritik fərqi müəyyən edə bilər.

Yerə yaxın asteroidlərin təxminən 15 faizi məhz belə ikili sistemlərdən ibarətdir. Bu strukturlarda “YORP effekti” adlanan fiziki proses baş verir. Günəş işığını udub onu istilik şəklində geri yayan asteroidlər tədricən daha sürətlə fırlanmağa başlayır.

Zaman keçdikcə bu fırlanma səthdəki boş materialların qoparaq kosmosa atılmasına səbəb olur. Daha sonra həmin parçalar digər asteroidin üzərinə düşərək onun səthini yenidən formalaşdırır.

Alimlər indi “DART” toqquşmasından sonra Dimorfosun son vəziyyətini daha yaxından öyrənmək üçün yeni məlumatları gözləyirlər. Bu imkan Avropa Kosmik Agentliyinin “Hera” kosmik aparatının bu ilin sonlarında həmin sistemə çatması ilə yaranacaq.

Təxminən 398 milyon dollar büdcəyə malik olan missiya toqquşmadan sonra asteroidin səthində yaranan dəyişiklikləri detallı şəkildə araşdıracaq və yelpik formasına bənzər izlərin bu hadisədən sonra qalıb-qalmadığını müəyyən edəcək.

Samir
 

Seçilən
26
50
hit.az

10Mənbələr