ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun üçün prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp vurğulayıb ki, ABŞ dünyanın ən böyük neft istehsalçısı olsa da, neft gəlirləri onun üçün İranın nüvə silahı məsələsi qədər əhəmiyyətli deyil. O, Yaxın Şərqdə və dünyada məhv edilmənin qarşısını almağın prezidentlik fəaliyyətində əsas məqsəd olduğunu əlavə edib.ABŞ İranın nüvə silahı əldə etməməsi üçün hansı konkret addımları ata bilər? Donald Tramp İranla müharibədə qalib gəlməyi bacaracaqmı?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzunmüddətli bir qarşıdurmadan sonra tərəflərin yenə də masa arxasında oturması qaçılmazdır: “İranı konkret nüvə məsələsindən çəkindirmək üçün Amerika Birləşmiş Ştatlarının təklifi olub. Yəni İranın rahatlıqla geri çəkiləcəyi fikri inandırıcı görünmür. Çünki İran konkret güzəştlər tələb edəcək. Əgər mən nüvə silahından imtina edirəmsə, qarşılığında mənə təhlükəsizlik təminatı verəcəksiniz, iqtisadi sanksiyaları aradan qaldırmaq üçün hansı addımları atacaqsınız?” suallarını verə bilər.
Hazırkı vəziyyətdə İranın rahat imtina etməsi çətin görünür, amma dalana dirənmə halı baş verərsə, böyük ehtimalla müəyyən güzəştlər əldə edə bilər. Bunun baş verəcəyi yaxın vaxtlarda mümkündürmü? Bu da artıq sual altındadır. Donald Trampın və ABŞ-ın nə qədər təsir göstərə biləcəyi hələ sual altındadır. Mövqedə yumşalma və müəyyən dəyişikliklər olarsa, tərəflər arasında irəliləyiş baş verə bilər”.
Samir Hümbətov
Samir Hümbətov qeyd edib ki, mövcud şəraitdə vəziyyət çətindir: “Faktiki olaraq, İranın yeni ali dini rəhbəri nüvə danışıqlarından çəkildiyini elan edib, Amerika Birləşmiş Ştatları və İsrail isə Tehrana və digər İran şəhərlərinə hücumlarını davam etdirir, İran ərəb ölkələrini və İsraili də bombalayır. Ehtimal var ki, vasitəçi dövlət vasitəsilə məsələlər yoluna qoyula bilər. Amma bunun üçün həmin dövlətin həm Amerika Birləşmiş Ştatları, həm də İrana təsir göstərəcək qədər nüfuza malik olması lazımdır ki, münaqişə normallaşsın. Bu da hələ mübahisəli bir məsələdir”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.