AZ

Bakıda dilənçinin günlük qazancı açıqlandı Heç neft şirkətində işləyənlər o qədər maaş almır

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dilənçiliyə görə cərimələrin artırılması məsələsi ilə bağlı müzakirələr cəmiyyətdə müxtəlif yanaşmalar doğurur. Bir tərəfdən, bu addımın ictimai qaydanın qorunmasına və küçə dilənçiliyinin azalmasına təsir göstərə biləcəyi qeyd olunur. Digər tərəfdən isə dilənçiliyin arxasında duran sosial-iqtisadi problemlər həll edilmədən yalnız cərimə mexanizmləri ilə bu problemin tam aradan qaldırılmasının çətin ola biləcəyi düşünülür.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, dilənçiliklə bağlı vəziyyət bir qədər ziddiyyətlidir. "Bir tərəfdən həqiqətən ehtiyacı olan insanlar var: ağır xəstəliyi, əlilliyi olan və yaşamaq üçün çətinlik çəkən şəxslər məcburən bu yola əl atırlar. Digər tərəfdən isə belə insanlardan və hətta uşaqlardan istifadə edən qruplar, şəbəkələr mövcuddur. Bu qruplar insanların mərhəmət hissindən istifadə edərək həmin şəxsləri istismar edir, onlara yalnız minimal ehtiyaclarını təmin edir, qazandıqları pulları isə özləri götürürlər".Sosioloq bildirib ki, ümumilikdə dilənçilik cəmiyyət tərəfindən qəbul olunan və bəyənilən fəaliyyət deyil. "Xüsusilə də ictimai yerlərdə və şəhərlərdə bu halların qarşısı alınmalıdır. Dövlət tərəfindən müxtəlif sosial yardım paketləri mövcuddur, ünvanlı sosial yardım, sosial müdafiə proqramları və digər dəstək mexanizmləri. Bundan əlavə, xeyriyyə cəmiyyətləri və imkanlı şəxslər də çətin vəziyyətdə olan insanlara yardım göstərirlər. Buna görə də belə şəxslərə dəstək məhz bu mexanizmlər vasitəsilə göstərilməlidir, onların gün ərzində küçələrdə dilənçilik etməsinə ehtiyac qalmamalıdır. Bəzi hallarda isə dilənçilik artıq biznesə çevrilir. Elə dilənçilər var ki, gündə 500-1000 manat gəlir əldə edir. Bu sahədə hətta böyük şəbəkələr qurulub və bəzi şəxslər bundan ciddi qazanc əldə edirlər. Saxta dilənçilərin çoxalması isə həqiqətən ehtiyacı olan insanların vəziyyətini daha da çətinləşdirir. Çünki insanlar aldadıldıqları üçün bəzən həqiqi ehtiyacı olanlara da yardım etmirlər".Onun sözlərinə görə, bu səbəbdən məsələni sistemli şəkildə həll etmək lazımdır. "İlk növbədə belə şəxslərin məşğulluğu təmin edilməlidir. Əgər bir şəxs yaşaya bilmədiyini əsas gətirirsə, o halda Dövlət Məşğulluq mərkəzləri vasitəsilə işlə təmin olunmalıdır. Məsələn, aylıq 500-700 manat civarında əməkhaqqı ilə işləmək imkanı yaradılarsa, dilənmək üçün bəhanə qalmaz. Əgər şəxsin işləmək qabiliyyəti yoxdursa, bu halda minimum yaşayış səviyyəsini təmin edən sosial müdafiə tədbirləri və ünvanlı sosial yardım tətbiq olunmalıdır. Bir çox ölkələrdə bələdiyyələr və xeyriyyə təşkilatları da çətin vəziyyətdə olan insanlara dəstək göstərir. Bu imkanlardan daha geniş istifadə olunmalıdır. Ümumiyyətlə, elə bir sosial sistem qurulmalıdır ki, heç bir vətəndaş acınacaqlı vəziyyətdə qalmasın və ən azı minimum yaşayış tələbatını ödəyə bilsin".Sosioloq qeyd edib ki, əgər şəxsin ağır xəstəliyi varsa və müalicə üçün böyük məbləğdə vəsait tələb olunursa, cəmiyyətimiz adətən belə hallarda yardım göstərir. "Bu yardımlar artıq təkcə küçələrdə deyil, onlayn müraciətlər və xeyriyyə kampaniyaları vasitəsilə də toplanır. Müxtəlif xeyriyyə fondları, o cümlədən Heydər Əliyev Fondu hər il minlərlə belə insana dəstək verir. Hazırkı vəziyyətdə isə küçələrdə olan dilənçilərin böyük hissəsi bu işi bir növ biznesə çevirib və müəyyən şəbəkələr vasitəsilə insanların mərhəmət hissindən istifadə edərək vəsait toplayırlar. Həqiqətən ehtiyacı olan şəxslər isə çox vaxt küçə şəraitində ağır vəziyyətdə qalır və lazımi dəstəyi ala bilmirlər. Buna görə də ən doğru yol onların işlə təmin olunması və ya sosial yardım, eləcə də xeyriyyə təşkilatlarının dəstəyi ilə normal yaşayış şəraitinin təmin edilməsidir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
demokrat.az

1Mənbələr