AZ

Novruz tətilində rayonlara gedənlərin diqqətinə!

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə 11 günlük tətilin başlaması ilə əlaqədar paytaxt sakinləri istirahət üçün bölgələrə üz tutmağa hazırlaşır. Uzunmüddətli istirahət günləri şəhərin səs-küyündən uzaqlaşmaq və təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün əlverişli fürsət yaradıb. Turistlərin seçimində əsasən yerləşmə xərcləri, qida qiymətləri və nəqliyyat rahatlığı kimi amillər ön plana çıxır. Eyni zamanda bölgələrin tarixi mənzərələri və ailəvi istirahət üçün yaradılan şərait vətəndaşların qərarına birbaşa təsir göstərir.Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a bildirib ki, 10–11 günlük tətil dövrlərində daxili turizmdə canlanma qaçılmazdır. Onun sözlərinə görə vətəndaşların böyük əksəriyyəti sakit mühit axtarışında olduğu üçün rayonlara səfər etməyə üstünlük verir. Bu axın həm otellərdə, həm də fərdi qonaqlama evlərində doluluq səviyyəsini artırır. Hazırda turizm obyektləri və xidmət sektorunun təmsilçiləri artan tələbatı qarşılamaq üçün hazırlıqlarını davam etdirir."Bu dövrdə seçim edərkən əsas meyar ailə büdcəsinə uyğun qiymətlər və regionlarda təqdim olunan istirahət imkanları olur. Regionlar arasında qiymətlər adətən xidmət səviyyəsi, mövsüm və turizm infrastrukturundan asılı olaraq dəyişir. Məsələn, Qəbələ, Quba, Şahdağ kimi daha inkişaf etmiş turizm bölgələrində qiymətlər nisbətən yüksək olsa da, digər rayonlarda büdcə dostu və daha münasib istirahət variantları tapmaq mümkündür".Ekspert bildirib ki, turistlərin regionlara səfərinə təsir edən əsas amillər təbii və iqlim şəraiti, yol və nəqliyyat imkanları, hotellərin və istirahət mərkəzlərinin qiymət siyasəti, həmçinin regionun turizm infrastrukturu kimi göstəricilərdir. "Eyni zamanda, sosial şəbəkələrdə və mediada regionların tanıdılması da insanların seçimlərinə ciddi təsir göstərir. Ümumilikdə, daxili turizm Azərbaycanda getdikcə daha aktivləşir. Statistik göstəricilər göstərir ki, turizm sektoru iqtisadiyyatda mühüm paya malikdir və son illərdə turist xərcləmələrinin artaraq milyardlarla manata çatması bu sahənin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini bir daha təsdiqləyir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
demokrat.az

1Mənbələr