Bakı, 14 mart, AZƏRTAC
ABŞ administrasiyası “TikTok” platformasının ABŞ-da fəaliyyətini davam etdirməsi ilə bağlı əldə olunan razılaşma çərçivəsində investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yanvar ayında ABŞ və Çin tərəfləri “TikTok”un Amerika bölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma satılması barədə razılığa gəliblər. Konsorsiuma “Silver Lake”, “Oracle” və BƏƏ-də yerləşən MGX investisiya şirkəti, eləcə də digər investorlar daxildir.
Razılaşmaya əsasən, investorlar ABŞ Maliyyə Nazirliyinə artıq təxminən 2,5 milyard dollar ödəyiblər. Müqavilənin şərtlərinə görə, növbəti əməliyyatlar nəticəsində ümumi ödəniş məbləğinin 10 milyard dollara çatdırılması planlaşdırılır.
Nəşr qeyd edir ki, bu, hökumətin sövdələşmənin təşkilində göstərdiyi yardım müqabilində indiyədək qeydə alınmış ən böyük ödənişlərdən biridir. ABŞ rəsmilərinin sözlərinə görə, bu məbləğ Prezident Donald Trampın “TikTok”un ABŞ bazarında qalması və bu məsələ ilə bağlı Pekinlə aparılan danışıqlardakı rolunu əks etdirir.