AZ

Məsələyə maliyyə imkanları çərçivəsində baxılacaq

Ölkədən kənarda olmağın qəmli tərəflərindən biri bayram günləridir. Xüsusilə də Novruz ərəfəsində. Çünki Novruz sadəcə bir bayram deyil - uşaqlıqdan öyrəşdiyimiz adət-ənənələr, ailənin bir masa ətrafında toplaşması, tonqal başında edilən söhbətlər və evdə yayılan şirniyyat qoxusu ilə bağlı xatirələrdir. 

İnsan onlara alışdığı üçün həmin günləri vətəndən uzaqda ağır keçirir. Tonqalın üstündən "ağırlığım-uğurluğum odda qalsın" deyib tullanmaq, bunun üçün hamının gülə-gülə növbə gözləməsi, ya da qapı pusmaq, papaq atmaq və içindən nə çıxacağını maraqla gözləmək. Bunlar Novruzu bənzərsiz edən ənənələrimizdir. İnsan onların dəyərini vətəndən uzaqda daha çox anlayır.

Artıq 4-5 ildir ki, Novruzu ölkədən kənarda keçirirəm. İlk illər bayramı hiss etmək üçün Bakıdan gələn tanışlardan mənə şəkərbura və paxlava gətirmələrini xahiş edirdim. O şirniyyatlar mənə sanki ev ovqatını yaşadırdı. Sonralar isə gördüm ki, mənim kimi səyahət edən və ya xaricdə yaşayan çox sayda azərbaycanlı var. Belə olanda biz bir araya gəlməyə başladıq. İndi süfrə qururuq, Novruz şirniyyatlarını paylaşırıq, hətta səməni cücərdib yumurta boyayırıq. Beləcə, vətəndən uzaqda az da olsa Novruz adətlərini yaşatmağa çalışırıq. 

Bu işdə səfirliklərin də bizə böyük dəstəyi olur. Asiyanın bir çox ölkələrində Azərbaycan səfirlikləri Novruz və çərşənbələr zamanı tədbirlər təşkil edir, tonqal qalayır və bütün azərbaycanlıları bir yerə yığır. Məqsəd vətəndən uzaqda olan soydaşlarımızın özlərini yad hiss etməmələri və bayramın ruhunu birlikdə yaşatmaqdır.

Piruzə QULİYEVA,

Vyetnam

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr