AZ

UN-Habitat rəsmisi: Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi regionda şəhər inkişafının güclənməsinə töhfə verəcək

Bakı, 14 mart, AZƏRTAC

Şərqi Avropa və Mərkəzi Asiya regionunda köhnə mənzil fondunun mövcudluğu, əlçatan mənzil çatışmazlığı və seysmik risklər şəhər inkişafı sahəsində əsas problemlərdən biri olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunan brifinqdə deyib.

Erfan Ali bildirib ki, regionda təxminən 400 milyon nəfər yaşayır və urbanizasiya səviyyəsi xüsusilə Şərqi Avropada yüksəkdir. Belə ki, burada əhalinin təxminən 74 faizi şəhərlərdə yaşayır, Mərkəzi Asiyada isə bu göstərici 46 faizə yaxındır.

Erfan Ali qeyd edib ki, regionun bir çox ölkələrində 1990-cı illərdən əvvəl tikilmiş köhnə mənzil fondunun mövcudluğu dayanıqlılıq baxımından ciddi risk yaradır. Bundan əlavə, 10-dan çox ölkə güclü zəlzələ riski ilə üz-üzədir.

Regional direktor vurğulayıb ki, şəhər inkişafı və regional inteqrasiya baxımından nəqliyyat və logistika marşrutları da mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi regionda iqtisadi əlaqələrin və şəhər inkişafının güclənməsinə töhfə verən mərkəzlərdən olacaq.

Onun sözlərinə görə, mövcud çağırışların aradan qaldırılması üçün yerli idarəetmə institutlarının gücləndirilməsi, çoxsəviyyəli idarəetmənin inkişafı və dayanıqlı infrastrukturun təşviqi mühüm əhəmiyyət daşıyır. UN-Habitat, həmçinin şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərini yerli səviyyədə həyata keçirməsi üçün məlumat və institusional potensialın artırılmasına dəstək göstərir.

Seçilən
14
2
azertag.az

3Mənbələr