AZ

Qlobal enerji bazarında kritik durum - strateji neft ehtiyatlarından istifadə olunması gündəmdə

Fevralın 28-də başlayan İran-ABŞ-İsrail müharibəsinin qlobal enerji bazarına göstərdiyi mənfi təsirlər yeni çağırışlar yaradıb. Bu təsirlərin əhatə dairəsinin genişlənməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zərurətə çevrilib. Əks halda qlobal iqtisadiyyat üçün ciddi problemlərin yaranacağı qaçılmaz olacaq. Buna görə də hazırda müvafiq beynəlxalq qurumlar və hökumətlər dəyərləndirmələr apararaq önləyici ssenarilərə keçid etməyi planlaşddırırlar.

Verilən məlumatlara görə,  G7 qrupunun enerji nazirləri Yaxın Şərqdəki münaqişədən qaynaqlanan qlobal enerji təchizatına qarşı riskləri aradan qaldırmaq üçün Beynəlxalq Enerji Agentliyi (BEA) ilə əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər. Onlar bu açıqlamanı çərşənbə axşamı BEA-ya rəhbərlik edən türkiyəli iqtisadçı Fatih Birol ilə regional böhranın qlobal enerji bazarlarına təsirini qiymətləndirmək üçün virtual görüş keçirdikdən sonra veriblər. Eyni zamanda, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində çıxışında enerji qiymətlərinin aşağı salınması üçün variantların hazırlandığını bildirib.

Tədarük azalır, daşımalar çətinləşir, qiymətlər artır

Müharibə qlobal enerji bazarının mənfi təsirlərə nə qədər həssas olduğunu bir daha təsdiqlədi. Cəmi bir neçə gün kifayət etdi  ki, burada ciddi sarsıntılar müşahidə edilsin. Qlobal enerji bazarının İran-ABŞ-İsrail müharibəsindən belə tez və ciddi şəkildə sarsılması təsadüfi deyil. Müharibə İranda və ona bitişik regionda gedir. Körfəz ölkələri kimi səciyyələndirilən bu region dünya üzrə neft-qaz təchizatında mühüm paya malikdir. Digər vacib bir məqam ondan ibarətdir ki, enerji məhsullarının tranziti üçün ən optimal marşrutlardan biri sayılan Hörmüz boğazı da bu regionda yerləşir. Ayrı-ayrı dəniz keçidlərində yarana biləcək gərginlik və tıxaclar bəzii alternativ marşrutlar vasitəsilə azaldıla bilsə də, bunu Hörmüz boğazı barəsində demək mümkün deyil. Ötən ilin birinci yarısında bu boğazdan neft axını gündə orta hesabla 20,9 milyon barel təşkil edib. Bu həcm qlobal neft istehlakının təxminən 20 faizini və dəniz neft ticarətinin  dörddəbirini təşkil edib. Eyni zamanda, dünya üzrə mayeləşdirilmiş təbii qaz təchizatının beşdə biri Hörmüz boğazı vasitəsilə təmin edilir. Hörmüzdən keçən neftin təxminən 80 faizi Asiya bazarlarına göndərilir. Çin burada ən böyük istehlakçılardan biridir. Müharibə tərəfi olan Amerika Birləşmiş Ştatları da Hörmüz vasitəsi ilə daşınan enerji daşıyıcılarının istehlakçıları sırasında yer alır. Bu ölkə ötən ilin birinci yarısında Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrindən gündə orta hesabla 400 min barel xam neft və neft məhsulları idxal edib ki, bu da Amerikanın xam neft və kondensat idxalının 7 faizini təşkil edir. Körfəz regionunda yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq və İran kimi ölkələrin enerji ixracı böyük ölçüdə bu marşrutdan asılıdır. Bu səbəbdən Hörmüz boğazında baş verə biləcək hər hansı gərginlik və ya nəqliyyatın məhdudlaşdırılması qlobal enerji bazarlarına və qiymətlərə dərhal təsir göstərir.

Hazırda müharibənin arealının genişlənməsi və Hörmüz boğazının faktiki olaraq bağlanması səbəbindən əksər körfəz ölkələri istehsalı azaltmağa qərar veriblər. Beləliklə də, istehsal-təchizat zəncirinin pozulması qlobal enerji bazarında sarsıntılara səbəb olub. Çox doğru olaraq davam edən müharibə dünya neft tədarükündə indiyədək qeydə alınmış ən böyük pozuntu kimi qiymətləndirilir. “Rapidan Energy” konsaltinq şirkətinin təhlilinə görə, ABŞ və İsrailin İrana hücumu nəticəsində neft tədarükündə yaranan fasilə tarixdə ən böyük göstərici olub. Bildirilir ki, bu pozuntu 1950-ci illərdə Yaxın Şərqdə baş verən böhran zamanı qeydə alınmış əvvəlki rekorddan iki dəfədən çoxdur. Verilən məlumata əsasən, ABŞ və İsrailin hücumlarının başlamasından sonra cəmi 9 gün ərzində dünya üzrə neft tədarükünün təxminən 20 faizi pozulub.

Qlobal enerji bazarında təklif tələbi qarşılamadığına görə qiymətlər sürətlə qalxır. Brent markalı neftin bir barel üçün qiyməti Rusiya-Ukrayna müharibəsindən bəri ilk dəfə olaraq 100 dollar səviyyəsini ötüb. Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində də kəskin artım davam edir. “Köhnə qitə”də mavi yanacağın fyuçers qiymətləri ötən həftənin sonundan etibarən 60 faizdən çox bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük artım göstəricisidir, eyni zamanda, 2022-ci ilin enerji böhranından bu vaxtadək müşahidə olunan ən kəskin qiymət dalğalanmasıdır.

Ekspertlərin dəyərləndirmələrinə görə, enerji daşıyıcılarının tədarükündə yaranan çətinliklər aradan qaldırılmazsa, dünyada “domino effekti” qaçılmaz olacaq. Belə ki, qlobal iqtisadiyyatın həcmi azalacaq, iş yerləri bağlanacaq, mal və xidmətlərin qiymətlərində kəskin artımlar qaçılmaz olacaq ki, bu da insanların  gəlirlərinin azalmasını, həyat səviyyələrinin aşağı düşməsini şərtləndirəcək. Beynəlxalq Valyuta Fondu  bildirir ki, enerji qiymətlərinin 10 faiz artımı qlobal iqtisadi artımı 3,2 faizdən 3 faizədək azalda bilər. ABŞ-da neftin bir barelinin qiymətinin 125 dollar səviyyəsinə qalxması ÜDM-i 0,8 faiz azalda, inflyasiyanı isə 4 faizdən çox artıra bilər.

G7 qrupu enerji təchizatı risklərini aradan qaldırmaqda israrlıdır

Dünyada qlobal enerji bazarında müşahidə edilən sarsıntılardan təsirlənən ölkələri iki qrupa bölmək mümkündür - yaranmış vəziyyətdən az təsirlənən və çox təsirlənən ölkələr. G7 ölkələri ikinci qrupa daxildirlər ki, bu da təsadüfi deyil. “Böyük yeddilik” adlanan qrupda ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa və Yaponiya kimi ölkələr yer alırlar. Yüksək sənaye potensialına malik olmaları bu ölkələrin enerji məhsullarına yüksək tələbatını şərtləndirir. Buna görə də G7 qrupunda birləşən ölkələr enerji məhsullarının təchizatına yaranan risklərin önlənməsinə israrlı mövqe sərgiləyirlər. O cümlədən çərşənbə günü baş tutan virtual görüşdə “Böyük yeddilik”  ölkələrinin enerji nazirləri strateji neft ehtiyatlarının gələcəkdə istifadəsini dəstəklədiklərini bildiriblər. Bu addımın Yaxın Şərqdəki münaqişənin başlanğıcından bəri neft tədarükünün və bazar dalğalanmalarının azaldılması üçün atılmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, G7 ölkələri Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birgə enerji bazarındakı tendensiyaları yaxından izləyir, qrup daxilində, beynəlxalq tərəfdaşlarla və IEA-ya üzv ölkələrlə əlaqələndirir.

Vurğulanıb ki, IEA-nın strateji neft ehtiyatlarının istifadəsi ilə bağlı təşəbbüsü mövcud təchizat təhlükəsizliyini və bazar şərtlərini qiymətləndirmək üçün vacib fürsət təqdim edir. Nazirlər strateji ehtiyatların istifadəsi də daxil olmaqla, vəziyyəti həll etmək üçün proaktiv tədbirlərin həyata keçirilməsini prinsipcə dəstəkləyirlər.

IEA-nın strateji neft ehtiyatlarının indiyə qədərki ən böyük həcmdə istifadəsini təklif etdiyi bildirilir. Ölkələrə təxminən 300-400 milyon barel neftin istifadə edilməsi təklif olunub.

Bundan başqa, Yaponiya bazar ertəsindən etibarən müstəqil şəkildə, G7-dən ayrı olaraq strateji neft ehtiyatlarını istifadə etməyə hazırlaşır. G7 ölkələri arasında Yaponiya ən yüksək strateji neft ehtiyatına malikdir. Ölkənin 200 gündən çox ehtiyacını ödəyə biləcək strateji neft ehtiyatı var.

Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi zamanı - 2022-ci ildə IEA-ya üzv dövlətlər 182 milyon barel həcmində strateji neft ehtiyatlarını istifadə etmişdilər.

Aİ çıxış yolu axtarışında: Enerji qiymətlərini azaltmaq mümkün olacaqmı?

Avropa İttifaqı (Aİ) məkanı da qlobal enerji bazarında müşahidə edilən təlatümlərdən ciddi şəkildə təsirlənir. Avropanın onsuz da çətin olan gələn qış mövsümü üçün qaz ehtiyatlarını təmin etmək vəzifəsi daha da riskli və bahalı hala gəlib. ABŞ və İsrailin İrana qarşı müharibəsi mayeləşdirilmiş təbii qaz istehsalı və təchizatını pozur, bazar təklifini azaldır, qiymətlərin kəskin şəkildə artmasına səbəb olur.

“Kpler” analitiklərinin fikrincə, Avropadakı alıcılar bu yay anbarları doldurmaq üçün təxminən 700 mayeləşdirilmiş təbii qaz yükünə və ya 67 milyard kubmetrə bərabər miqdarda mayeləşdirilmiş təbii qaza ehtiyac duyurlar ki, bu da ötən illə müqayisədə təxminən 180 yük və ya 17 milyard kubmetr artım deməkdir.

Bu reallıqlar fonunda Aİ də vəziyyətdən çıxış yolları axtarmaqdadır. Xüsusilə də enerji xərclərinin azaldılması prioritet hədəflərdən biri kimi müəyyənləşdirilib. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində çıxışında enerji qiymətlərinin aşağı salınması üçün variantların hazırlandığını bildirib. Qurum rəsmisi bu variantlar arasında enerji alışı müqavilələrindən daha yaxşı istifadə, dövlət yardımı, subsidiyalar və qaz qiymətlərinin məhdudlaşdırılması məsələlərinin yer aldığını açıqlayıb.

U.Lyayen İranda müharibənin ilk on günü nəticəsində qalıq yanacaq üçün əlavə xərclərin artıq üç milyard avroya çatdığını bildirib və Aİ üzvlərini bununla əlaqədar tədbirlər görməyə çağırıb.

“Bizim evdə istehsal edilən bərpaolunan enerji və nüvə enerjisinə yönəlmək qərarımız özünü doğrultdu. Amma qiymət şoklarından qorunmuş deyilik. Bu gün həm ev təsərrüfatları, həm də şirkətlər təzyiq altındadır. Ona görə də biz dərhal yardım göstərməliyik. Enerji xərclərini necə azalda biləcəyimizi hərtərəfli nəzərdən keçirməliyik”, - deyən U.Lyayen bu prosesdə qiymətin dörd komponentinin - enerjinin özünün qiyməti, şəbəkə ödənişləri, vergilər və rüsumlar, həmçinin karbon xərclərinə baxılmasının önəmini qeyd edib.

Mübariz ABDULLAYEV

Seçilən
25
1
yeniazerbaycan.com

2Mənbələr