AZ

Naxçıvanda 1128 hektar ərazidə yazlıq əkinlər aparılıb

Naxçıvan, 14 mart, AZƏRTAC

Naxçıvanda yaz mövsümü ilə əlaqədar əkin sahələrində canlanma müşahidə olunur. Bu il yazlıq əkinlərin həcminin artırılması nəzərdə tutulur və artıq sahələrdə real nəticələr görünməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda əkin və şum işləri mərhələli şəkildə davam etdirilir.

Bu il muxtar respublikada yazlıq əkinlərin daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur. Artıq 1128 hektara yaxın ərazidə yazlıq əkinlər həyata keçirilib. Bu sahələrin 200 hektardan artıq hissəsində suvarma işləri görülüb.

Qarşıdakı mərhələlər üçün hazırlıq işləri də davam etdirilir. Belə ki, 1600 hektardan artıq ərazidə şum işləri həyata keçirilib və torpaqlar əkin üçün hazır vəziyyətə gətirilib. Bu da yaz əkin mövsümünün planlaşdırılan həcmdə və vaxtında başa çatdırılması üçün zəmin yaradır.

Cari ildə yazlıq əkinlərin həyətyanı sahələr istisna olmaqla 3 min 800 hektar sahədə aparılması gözlənilir. Həyətyanı sahələrlə birlikdə isə 6 min hektar sahədə aparılması planlaşdırılır. Müqayisə üçün qeyd edək ki, ötən il yazlıq əkinlər Naxçıvanda 5 min 800 hektara yaxın sahədə keçirilib.

Mütəxəssislər artımı əsasən bu il müşahidə olunan yağıntıların çoxluğu və su ehtiyatlarının bolluğu ilə əlaqələndirirlər. Əlverişli iqlim şəraiti torpağın münbitliyinə və əkin prosesinin vaxtında başlanmasına müsbət təsir göstərib.

Hazırda muxtar respublika üzrə su anbarlarında ümumilikdə 130 milyon 790 min kubmetr su ehtiyatı mövcuddur. Müşahidə olunan yağıntılar su ehtiyatlarının həcminin artacağına əsas verir.

Müxbir - Nail Əsgərov

Seçilən
11
2
azertag.az

3Mənbələr