BAKI, 14 mart. TELEQRAF
İngiltərənin “Arsenal” klubunun keçmiş futbolçusu Billi Makkallo 91 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şimali İrlandiya əsilli müdafiəçi 1958-1966-cı illər aralığında London təmsilçisinin şərəfini qoruyub.
Makkallou “topçular”ın heyətində ümumilikdə 268 rəsmi oyunda meydana çıxıb. Sol cinah müdafiəçisi həmçinin Şimali İrlandiya milli komandasının heyətində 10 oyunda iştirak edib.
Billi Makkallou 1963-cü ildə “Arsenal”ın avrokuboklarda debüt edən ilk heyətinin üzvü olub. O, eyni zamanda paytaxt klubunun tarixində Avropa turnirlərində qol vuran ilk müdafiəçi kimi tarixə düşüb.
1966-cı ildə “Arsenal”dan ayrılan futbolçu sonradan “Milluoll”, “Bedford Taun”, “Kork Seltik” və “Derri Siti” klublarında çıxış edib. Peşəkar karyerasını başa vurduqdan sonra isə mühəndis-elektrik kimi fəaliyyət göstərib.